12px14px16px18px

“Müstəqil Azərbaycan davamlı inkişaf yolunda” mövzulu elmi konfrans keçirilib

08:22 / 07.03.2012
Dünən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında 2011-ci ildə professor-müəllim heyəti tərəfindən yerinə yetirilmiş elmi tədqiqat işlərinin yekunlarına dair “Müstəqil Azərbaycan davamlı inkişaf yolunda” mövzusunda elmi konfrans təşkil edilib.
Konfransı akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq mövzu ilə əlaqədar geniş məlumat verib, ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsinin ölkənin idarəetmə sisteminin qurulması və inkişafında əhəmiyyətini, ulu öndərin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd edib. O, Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafına, insan potensialının əhəmiyyətinə xüsusi önəm verdiyini, bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb. Konfransın plenar iclası və bölmələrdəki məruzələrin əhəmiyyətini qeyd edən rektor konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasda “Dövlətin kadr potensialı milli təhlükəsizlik amili kimi”, “Azərbaycan Respublikasında siyasi modernləşmə probleminə konseptual yanaşma”, “Azərbaycan Respublikasında Konstitusiya islahatları davamlı inkişafın mühüm amili kimi”, “Demokratiya quruculuğu şəraitində dövlət və bələdiyyə orqanlarının qarşılıqlı münasibətləri” və digər mövzularda məruzələr dinlənilib.
Daha sonra konfrans işini bölmələrdə davam etdirmişdir. Bölmə iclaslarında 60-dan artıq məruzə və çıxış dinlənilib. Azərbaycanın keçid dövründən sonra sosial siyasətin modernləşdirilməsinin səciyyəvi xüsusiyyətləri, Azərbaycanın dövlət quruculuğunda idarəetmə mədəniyyətinin formalaşması, Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə və vətəndaş cəmiyyətinin ilkin şərtləri və atributları və digər mövzularda maraqlı çıxışlar, geniş fikir mübadiləsi aparılıb.
Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilib, konfransda səslənən məruzələr istiqamətində akademiyada aparılacaq elmi işlər barədə maraqlı tövsiyə və təkliflər irəli sürülüb.
S.QARAYEVA



Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar