12px14px16px18px

Qafqaz Universitetində “Azərbaycan qadını və müasir media” mövzusunda konfrans keçirilib

08:19 / 07.03.2012
Dünən Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Azərbaycan qadını və müasir media” mövzusunda ümumrespublika konfransı keçirilib. Konfransın əsas təşkilatçıları Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Qafqaz Universiteti, Milli Televiziya və Radio Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Qadın Jurnalistlər Birliyi və Jurnalist Qadınlar Assosiasiyası idi. Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycan qadınlarını bu bayram münasibəti ilə təbrik edib. O vurğulayıb ki, qadınlar hər bir ölkənin həyatında özünəməxsus müstəsna rol oynayırlar. Azərbaycan qadını bu gün ölkənin ictimai həyatında çox fəal şəkildə iştirak edir. Bu özünü mediada da göstərir. Azərbaycanda çalışan jurnalistlər arasında qadınlar xüsusi çəkiyə malikdirlər. Rektor Qafqaz Universitetində bu il Jurnalistika fakültəsinin yaradıldığını xatırladaraq burada təhsil alan tələbələr arasında da çoxsaylı xanımların olduğunu vurğulayıb.
Daha sonra çıxış edən xanım millət vəkili Elmira Axundova Sovet dönəmi ilə müasir müstəqil Azərbaycan mediasını müqayisə edib. O bildirib ki, Sovetlər dövründə qadınların jurnalistika sahəsində çalışması çox çətin idi. Lakin indi bu problem tamamilə aradan qalxıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın media məkanında çalışan xanımlar öz nüfuzları ilə seçilirlər. Onların bir çoxu müəyyən dövlət qurumlarında, Milli Məclisdə yüksək postlar tutmağı, ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak etməyi bacarırlar. Azərbaycan qadını sözün əsl mənasında hazırda Azərbaycanda əsas aparıcı qüvvələrdən birinə çevrilib.
Tədbirdə digər çıxış edən xanım millət vəkili Qənirə Paşayeva da Azərbaycan qadının cəmiyyətimizdəki rolu, media sahəsində çalışan xanımların fəaliyyətləri barədə öz fikirlərini bölüşüb.
Konfransda Azərbaycan jurnalistikasının inkişafında qadınların rolu, qadın problemlərinin mediada işıqlandırılması, yazılı mətbuatın, ekran-efir materiallarının auditoriyaya təsiri, internet mediasının müasir inkişaf meylləri, hüquqi tənzimləmə, etika məsələlər və s. mövzularda müzakirələr aparılıb. Adları çəkilən dövlət qurumlarının rəsmiləri qeyd olunan istiqamətlərdə görülən işlərdən, mövcud vəziyyətdən danışıblar.
Sevinc QARAYEVA





Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar