12px14px16px18px

Abel Məhərrəmov Pakistan Senatının sədr müavini ilə görüşüb

07:17 / 06.03.2012
Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun Pakistan Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. Görüşdə Azərbaycan-Pakistan iqtisadi siyasi və mədəni əlaqələri barədə fikir mübadiləsi aparılıb, Pakistan İslam Respublikası Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını tanıyan qətnamənin əhəmiyyəti qeyd edilib. Həmçinin, iki ölkənin ali təhsil müəssisələri arasındakı əlaqələrdən də məmnunluq ifadə olunub. 2001-ci ildən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində urdu dilinin tədris edildiyini bildirən rektorun sözlərindən məlum olub ki, bu gün bu ixtisas üzrə 32 tələbə təhsil alır və burada tələbələrə urdu dili və ədəbiyyatı ilə yanaşı, Pakistanın tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti və hüquq sistemi fənləri tədris olunur. İndiyə qədər isə urdu dilini 56 bakalavr və 4 magistr bitirib.
Rektor həmçinin, BDU ilə Pakistan səfirliyi arasında sıx münasibətlərin olmasını qeyd edərək, bir müddət öncə səfir İnayatullah Kakarla görüşünü xatırladıb və səfirin universitetin urdu otağına 165 kitab, televizor, videomaqnitafon və kompüter hədiyyə etdiyini deyərək ona minnətdarlıq edib. Daha sonra geniş tələbə auditoriyası qarşısında çıxış edən Mir Can Camali Ermənistanın Azərbaycana təcavüzünü, ermənilərin Xocalıda törətdikləri soyqırımı qəti şəkildə pisləyib. Dağlıq Qarabağ və Kəşmir problemi arasında oxşar cəhətlərin çox olduğunu xatırladan sədr müavini, insan amilinə hörmətin İslam dininin ən əsas hissəsini təşkil etdiyini deyib. Qonaq həmçinin Azərbaycanın gələcək nəslini təmsil edəcək gənclərin qarşısında çıxış etməsindən məmnun olduğunu bildirib və Azərbaycan xalqı ilə Pakistan xalqının eyni canda bir qəlb olduğunu xüsusilə vurğulayıb. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Səlim Seyfullah Xan isə hər iki ölkənin təcavüzün qurbanı olduğunu və dünya birliklərinin qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilmədiyindən təəssüf hissi keçirdiyini bildirib.
Daha sonra çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası qrupunun üzvü, millət vəkili Eldar İbrahimov iki ölkənin əlaqələrinin tarixindən bəhs edib. Qonaqlar görüş çərçivəsində şərqşünaslıq fakültəsinin urdu dili ixtisası üzrə təhsil alan tələbələrlə də görüşüblər.
S.QARAYEVA





Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar