12px14px16px18px

Bakı məktəblərində “Bağlı qapı günləri”

07:14 / 06.03.2012
Paytaxt məktəblərində ilk dəfə valideynlərə qarşı “Bağlı qapı günləri” elan olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızının sözlərinə görə, martın 1-dən 10-dək davam edəcək “Bağlı qapı günləri” qarşıdan gələn 8 – Mart Beynəlxalq Qadınlar Günü ilə bağlıdır.
8 mart Bayramı ərəfəsində müəyyən narahatlıq və ya narazılıqlar yarandığını deyən idarə rəsmisi bildirib ki, bunların qarşısını almaq üçün belə addım atmaq qərarına gəldik: “Valideynlər hesab edirlər ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə uşaqlardan məcburi şəkildə pul yığılır. Buna görə də heç bir narahatlığın yaranmaması üçün belə təşəbbüslə çıxış etdik və bu, bir çox məktəblərdə müsbət qarşılanıb. Orta məktəblərdəki müəllimlərin böyük əksəriyyətini xanımlar təşkil edir. Buna görə də kimsə öz müəllimini təbrik etmək istəyirsə buna etiraz etmir və ya qadağa qoymuruq”. Z.Əliqızı əlavə edib ki, gələn həftədən BŞTİ Bakı şəhər Baş Polis İdarəsi ilə internet klub və internet kafelərdə reydlər keçirəcək. Reydlər məktəb ətrafında yerləşən internet klub və kafeləri əhatə edəcək.
Burada əsas məqsəd vaxtını internet klublarda keçirən şagirdləri müəyyənləşdirmək və eyni zamanda həmin klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb – yayınmamağını dəqiqləşdirməkdir. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilərsə, dərhal aidiyyatı məktəb rəhbərliyinə məlumat veriləcək və şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Bununla yanaşı, dərs zamanı şagirdin sinifdə olmamağının səbəbi aydınlaşdırılacaq. Şagirdin ümumiyyətlə məktəbə getmədiyi müəyyən edilərsə, dərhal onun valideyninə məlumat veriləcək. Beləliklə də bu istiqamətdə valideynlərlə iş qurulacaq.
S.QARAYEVA



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar