12px14px16px18px

Əlil uşaqların təhsil almaq imkanları genişləndiriləcək

02:17 / 03.03.2012
Azərbaycanda əlil uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün uyğun şərait yaradılması yönündə iş aparılır. Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, hazırda əlil uşaqlar əsasən evdə təhsil alırlar: “Xüsusi təhsil müəssisələrində isə yalnız sağlamlıq imkanları məhdud uşaqlar təhsil alırlar. Biz də istəyirik ki, əlilliyi olan uşaqlar da sağlam uşaqlar kimi məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində, orta ixtisas, ali təhsil müəssisələrində təhsilə cəlb olunsunlar. Əlbəttə, orta ixtisas və ali təhsil müəssisələrində yalnız fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar oxuya bilərlər. Çünki əqli cəhətdən geriliyi olan uşağın orta ixtisas və ya ali təhsil müəssisəsinə daxil olması mümkün deyil”, İdarə rəisinin sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə təhsil ala bilməsi üçün infrastruktur dəyişməlidir. Bu infrastruktur əlil uşaqların təhsil müəssisələrinin binalarına rahat şəkildə daxil olmasına imkan verməlidir: “Uşaq bağçasından ali təhsil müəssisəsinə qədər infrastruktur elə dəyişməlidir ki, əlilliyi olan uşaq heç kəsin köməyi olmadan binalara rahat daxil olub, orada hərəkət edə, təhsilə cəlb oluna bilsin”. O qeyd edib ki, əlil arabası ilə hərəkət edən uşaqların əksəriyyətinin intellekt səviyyəsi adi uşaqlardakı kimidir. Amma onlar hərəkət edə bilmədikləri üçün evdə təhsilə cəlb olunurlar. Həmin uşaqlar sinifdə və ya auditoriyada əyləşərlərsə, intellektləri onlara normal insanlar kimi təhsil almağa imkan verər. M.Hacıyeva bildirib ki, inklüziv təhsilin bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Hazırda inklüziv təhsil ölkə ərazisində pilot layihələr çərçivəsində 30 ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsində tətbiq edilir. Onlardan 13-ü məktəbəqədər təhsil müəssisəsi, 17-si ümumtəhsil məktəblərdir. Bu günədək ölkədə 298 uşaq inklüziv təhsilə cəlb olunub. Belə uşaqlarda bilik və bacarıqlarının inkişafında əhəmiyyətli dərəcədə dəyişiklik olur. İdarə rəisinin sözlərinə görə, hökumətə təqdim edilmiş “İnklüziv Təhsilin İnkişafı Dövlət Proqramı” təsdiqləndikdən sonra inklüziv təhsilin bütün ölkə üzrə tətbiq edilməsi planlaşdırılır. Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud olanların sağlam uşaqlarla bir təhsil müəssisəsində təhsilə cəlb olunması deməkdir.
S.QARAYEVA




Bu yazı ( 223 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar