12px14px16px18px

Aleksandr Gennadiyeviç Xloponinin BSU-ya hədiyyəsi

02:17 / 03.03.2012
Rusiya Federasiyası Baş Nazirinin müavini, Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Gennadiyeviç Xloponin ötən ilin oktyabr ayında ölkəmizə səfəri çərçivəsində Bakı Slavyan Universitetinin də qonağı olmuşdur. Qonaq BSU-da fəaliyyət göstərən Rusiya Tədris-Mədəniyyət Mərkəzi və onun kitabxanası ilə yaxından tanış olmuş, sonra BSU-nun Akt zalında universitetin professor-müəllim və tələbə heyəti ilə görüşmüşdü. A.G.Xloponin bu görüşdən xoş təəssüratla ayrılmış, BSU ilə hər zaman sıx ünsiyyətdə olacağını və diqqət mərkəzində saxlayacağını vəd etmişdir. Bunun nəticəsi olaraq, bu günlərdə A.G.Xloponin BSU-da fəaliyyət göstərən Rusiya Tədris-Mədəniyyət Mərkəzinə dəstək məqsədilə öz hədiyyələrini – elmi və bədii ədəbiyyat, ensiklopediya və lüğətlərdən ibarət 523 ədəd kitab toplusu, 4 ədəd kompyuter avadanlığı və bir ədəd DVD Player göndərib. Hədiyyələri təqdim etmək üçün Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.D.Doroxin, RF-nın Xarici İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə təmsilçisi L.S.Filimonov, RİMM-nın direktoru Ə.Şeyxov 2 mart tarixində BSU-nun qonağı oldular. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev universitetin konfrans zalında qonaqları salamladı: “Əziz dostlar, bildiyiniz kimi, ötən il cənab Xloponin bizim universitetin qonağı olmuş və həmin səfər zamanı burada fəaliyyət göstərən Rusiya Tədris-Mədəniyyət Mərkəzinə hədiyyələr göndərəcəyini vəd etmişdi. Hamınıza məlumdur ki, universitet üçün ən dəyərli hədiyyə kitab ola bilər. Mən cənab Xloponinə bizə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, bu kitablardan hər bir tələbə və müəllimimiz yararlana biləcək və hər bir kəsi bu zəngin kitabxanadan istifadə etməyə çağırıram”. Rektor öz çıxışında bu cür isti münasibətə şərait yaratdığına görə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.D.Doroxinə, hədiyyələri BSU-ya çatdırdığına görə L.S.Filimonova və Ə.Şeyxova dərin təşəkkürünü bildirdi: “Biz sizinlə qarşılıqlı əməkdaşlıqdan olduqca məmnunuq. Cənab A.G.Xloponinə göstərdiyi diqqətə görə bir daha minnətdarlığımı bildirirəm və bütün universitet kollektivi adından təşşəkkür edirəm”. Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.D.Doroxin Şimali Qafqaz regionunda Azərbaycanı ən vacib tərəfdaş hesab edərək bu qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi və güclənməsinin vacib olduğunu qeyd etdi. Bu siyasətin uğurlu olmasında BSU-nun da ən vacib amillərindən biri olduğunu deyən səfir A.G.Xloponinin universitetə gəlişinin yüksək qiymətləndirdi, bildirdi ki, “A.G.Xloponin söz verdi və sözünə əməl etdi. Biz inanırıq ki, verdiyimiz bu hədiyyələr sizin işinizə yarayacaq”. Çıxış edən RF-nın Xarici İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə təmsilçisi L.Filimonov Xloponinin adından hamını salamladı və BSU-nun tələbələrini iyul ayında Rusiyada keçiriləcək Beynəlxalq Gənclər Forumuna dəvət etdi. Görüşün sonunda BSU-nun tələbələri çıxış edərək rus dilinin öyrənilməyin vacibliyindən danışdılar və hədiyyə verilmiş bu kitabların rus dilini daha da dərindən öyrənməkdə kömək olacağına inandıqlarını dilə gətirdilər.
S.QARAYEVA


Bu yazı ( 207 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar