12px14px16px18px

Azərbaycanda Almaniyada təhsil imkanı qazanmaq üçün keçirilən müsabiqə yekunlaşıb

02:17 / 03.03.2012
Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış Sazişə uyğun olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq üçün elan edilən müsabiqə başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm və mühasibat uçotu ixtisasları üzrə keçirilib. Bakalavr səviyyəsində təhsil almaq üçün ölkənin müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanlarında birinci qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan vətəndaşları müsabiqədə iştirak ediblər. Magistratura səviyyəsində təhsil almaq üçün isə 2011-2012-ci tədris ilində birinci qrup ixtisasları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal toplamış namizədlər və 2011-2012-ci tədris ilində digər ixtisas qrupları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 120 bal toplayan şəxslər müraciət ediblər. Diplomdan sonrakı tibb proqramlarında təhsil almaq üçün isə təhsil müddəti ərzində orta qiyməti ən azı 4.0 olan Tibb Universitetinin sonuncu kurs tələbələri və ya məzunları müsabiqəyə qatılıblar. Nazirlikdən bildirilib ki, təqdim olunan sənədlər DAAD-ın Almaniyadan gəlmiş ekspertləri tərəfindən yoxlanılacaq və martın 5-7-də müsahibə keçiriləcək. Seçim prosesində diplomdan sonrakı təhsil səviyyələri üçün müraciət edən namizədlərə üstünlük veriləcək. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.
S.QARAYEVA


Bu yazı ( 218 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar