12px14px16px18px

Qəlbi nurla dolu şair və həkim

PAŞA QƏLBİNURUN 60 İLLİYİNİN İŞIĞINDA

13:19 / 30.03.2012
 
Haqqında söhbət açmaq istədiyim şəxs “iki ürəkli, dörd biləklidir”. Qəhrəmanımın “birinci can”ı – həkim olaraq insanların sağlamlığının keşiyində durmaqdan ibarətdirsə, onun “ikinci can”ı ədəbiyyatımıza xidmət edən – şairlikdir. Bu baxımdan da mən bu yazımı iki hissədən ibarət qurmaq niyyətindəyəm. 
1952-ci ilin xoş bir bahar günündə, mart ayının 30-da, QOÇ bürcü altında Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsindəki ziyalı ailələrindən birində – Musayevlər ailəsində dünyaya göz açan oğlana ailə başçısı İsmayıl Paşa oğlu Musayev öz atasının adını verdi...
Biz onunla axırıncı dəfə bu ilin mart ayının 4-də Beynəlxalq Muğam Mərkəzində keçirilən Muğamat konsertində görüşdük. Paşa müəllimin 60 illik yubileyinin yaxınlaşdığı barədə biləndə, haqqında portret yazı yazmaq istəyimi ona bildirdim və razılaşdıq.
Konsert başlayana qədər professorun həyat və yaradıcılığı barədə bəzi məlumatları cib dəftərimdə qeyd eləsəm də, bu kifayət etmirdi. Şərtləşdiyimizə görə təxminən bir həftə sonra ona telefon açaraq, rəhbərlik etdiyi kafedranın tərkib hissəsini təşkil edən Dəmir Yol Xəstəxanasındakı iş otağında görüşüb, söhbətləşdik...
Professor Paşa Musayev Qəlbinur (TƏBİB):
1968-ci ildə Çinarlı qəsəbə orta məktəbini “Qızıl medal”la bitirən  gənc Paşa hələ orta məktəbdə oxuyarkən böyüyəndə dayısı Sülhəddin Məmmədov kimi göz həkimi olmağı arzuladığı üçün sənədlərini Azərbaycan Tibb İnistitutunun “Müalicə profilaktika fakultəsi”nə verərək, qəbul imtahanından müvəffəq qiymət almaqla instituta daxil olur.
Ali tibb məktəbində təhsil almağa başladığı ilk günlərdən fəallığı, seminarlara hazırlığı, poeziya duyumu, mədəni davranışı və səliqə-sahmanı ilə professor-müəllim heyətinin və tələbə yodaşlarının diqqətini cəlb edən Paşa Musayev, qarşısına qoyduğu məqsədə – səriştəli həkim olmaq istiqamətində yorulmaz səylər göstərməyə başladı. O, gündəlik keçilən dərs proqramı ilə kifayətlənməyərək əlavə ədəbiyyat əldə edir, mühazirə və seminarlarda mövzu üzrə korrekt suallar verməklə müəllimlərini heyrətləndirirdi.
Ən kiçik an kəsiyindən belə səmərəli istifadə etməyi meyar seçmiş gənc Paşa, elə kiçik tənəffüs fasilələrində tələbə yoldaşlarına təzə şeirlərini oxuyur, poeziya həvəskarlarını ətrafında cəmləşdirirdi.
Hələ 13 yaşından şeir yazmağa başlayan və nə qədər təzadlı olsa belə, ilk şeiri “Gözlər” adlanan Paşa Musayevin çap olunan birinci şeiri I kursda oxuduğu dövrə, 1968-ci ilə təsadüf edir. İnstitut qəzetində çap olunan “Dağlar” adlı şeir aşağıdakı misralarla başlayırdı.
Baxışıma tablamayan qız kimi,
Bilmirəm baxırlar ha yana dağlar.
Yayın nəfəsindən al bir üz kimi,
Lalədən qızarıb, boyana dağlar...
Paşa Musayev 6 illik tələbəlik illərində təbabətin sirrlərinə bələd ola-ola, həm də yaradıcılıqla məşğul olur, vaxtı olanda isə keçirilən müxtəlif ədəbi tədbirlərə qatılır, şeirlərini ədəbi ictimaiyyətə təqdim edirdi.
Hələ uşaqlıqdan oftalmoloq olmaq, işığa həsrət gözlərə öz qəlbindən işıq, nur vermək niyyətində olan gənc Paşa, özünə şair təxəllüsü axtarmadı, təxəllüs özü ona yiyə çıxdı. Beləliklə, göz həkimi olmaq istəyən Paşa Musayev, şair olaraq Paşa Qəlbinur kimi tanınmağa başladı...
O, İnstitutu bitirərək(1974), əvvəlcə Gəncə Göz xəstəxanasında, sonra isə Bakıda bir müddət göz həkimi qismində fəaliyyət göstərdi.
Paşa Musayev 1978-ci ildə S.M.Seçenov adına I Moskva Tibb İnstitutunun(indiki Tibb Akademiyası) aspiranturasına daxil olur və akademik M.M.Krasnovun elmi rəhbərliyi altında(1978-1987) “Gözün buynuz qişasının bulyoz distrofiyasının yeni cərrahi üsulla müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək(1981) tibb elmləri namizədi, sonra isə “Gözün yarımkeçirici baryerləri” mövzusunda doktorluq işini müdafiə etməklə(1987) SSRİ tarixində oftalmologiya sahəsində 35 yaşında ilk tibb elmləri doktoru elmi dərəcəsi alır.
Paşa Musayev 1988-ci ildən Azərbaycan Tibb Universitetinin “Oftalmologiya kafedrası”nın professoru olmaqla, 1991-ci ildən həmin kafedraya rəhbərlik edir.
O, 250-dən artıq elmi məqalənin, 4 elmi monoqrafiyanın, 10 elmi ixtiranın müəllifidir.
Alimin elmi rəhbərliyi altında dissertasiya müdafiə etmiş 16 elmlər namizədi, elmi məsləhətçiliyi ilə elmlər doktoru elmi dərəcəsi almış 5 elm xadimi Azərbaycan təbabətinin inkişafına elmi rəhbərlərinə xas – layiqli bir tərzdə elmi töhvələr verirlər.
Professor Paşa Musayevin oftalmologiya sahəsindəki əsaslı elmi araşdırmaları dünyanın aparıcı elm müəssisələrinin diqqətindən yayınmamış, o ilk azərbaycanlı alim olaraq 1994-cü ildə Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü seçilmiş, 1996-cı ildə isə Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Fiziologiya bölməsi”nin eksperti təyin edilmişdir.
2001-ci ildə Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi(TCOD) Bilimsəl qurumunun həmsədri seçilən professor Paşa Musayev, TCOD Bilim Danışma Yönətim qurumu və Yürütmə qurumunun da həmsədridir.
Tanınmış Azərbaycan aliminin elm sahəsində qazandığı ən yüksək nailiyyətlərdən biri – dünyanın aparıcı tibb müəssisələri tərəfindən tətbiq olunan – orqan və toxuma transplantasiyasında yeni elmi istiqamət sayılan “Qlaukomanın cərrahi müalicəsində Musayev üsulu”dursa(gözdə qara suyun müalicəsi), digər bir uğuru isə Azərbaycanda son 100 ildə ilk dəfə Paşa Musayevin rəhbərliyi altında, Sevinc Musayeva-Əkbərovanın və Olqa Stroyevanın həmmüəllifliyi ilə kəşf edilmiş və Rusiya Farmakologiya Komitəsi tərəfindən XX əsrdə rəsmi təstiq edilən və kütləvi istehsal və tətbiq edilməsi üçün lisenziya verilən, dünyada bu günə qədər istifadə olunan ən effektli dərmanlardan sayılan “Aktipol” antivirus preparatıdır. 
2002-ci ilin 12-17 noyabr tarixlərində Brüsselin(Belçika) “51-ci Ümumdünya İxtiralar Salonu”nda keçirilən “Brüssel Evrika 2002” sərgisində Oftalmologiyada yenilik sayılan “Aktipol”un kəşfi “Böyük qızıl medal”a və Belçika Maliyyə nazirliyinin “Xüsusi priz”inə layiq görülüb.
Böyük Britaniyanın Kembric Universitetinin təşəbbüsü ilə 2003-cü ildə keçirilən sorğuda bütün zamanlar üçün 2000-ci ilin alim-intelektualları sırasında layiq olduğu yerini alan tanınmış azərbaycan alimi, 2005-ci ildən “Tibb jurnalı”nın Rəyasət Heyyətinin üzvü, elə həmin ildə də Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru seçilib.
Professor Paşa Musayevin fundamental və mükəmməl “Göz xəstəlikləri” dərsliyi Azərbaycan Tibb Universitetinin “Oftalmologiya kafedrası”nın tədris proqramını tam mənada təmin etməklə, respublikanın digər ali orta ixtisas müəssisələrində fəaliyyət göstərən tibb fakultələrində də tədris olunur.
Paşa Musayev Sovetlər Birliyinin ən nüfuzlu təltiflərindən olan – Ümumittifaq Lenin Komsomolu Gənclər İttifaqının(ÜİLKGİ) elm sahəsi üzrə mükafatına hələ  33 yaşında olarkən Moskva şəhərində layiq görülüb.
Professor Paşa Musayev 1989-cu ildən Azərbaycan Alimlər İttifaqı İdarə Heyyətinin üzvüdür.
“Azərbaycanda tibb elminin inkişafına verdiyi töhvələrə görə” Paşa İsmayıl oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2010-cu ildə “Əməkdar həkim” fəxri adı verilib.
1995-ci ildə “Avrasiya” qəzetinin “elm sahəsində” keçirdiyi sorğuya görə “İlin adamı” elan edilmiş professor Paşa Musayev, “Azərbaycanda elmin, maarifçiliyin inkişafındakı xidmətlərinə görə 1999-cu ildə  “Yusif Məmmədəliyev” adına mükafat və medalla təltif olunub.
Professor Paşa Musayev 1997-ci ildən Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin İdarə Heyyətinə üzvdür.
O, 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” elan edilib.
Dünyanın aparıcı və inkişaf etmiş dövlətlərindən olan Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, Fransa, Türkiyə, Hollandiya, Kanada, İsveç, İsveçrə, İspaniya və İranda müxtəlif vaxtlarda səfərlərdə olmuş professor Paşa Musayev bu ölkələrdə keçirilən elmi konqreslərdə dinləyici və məruzəçi qismində iştirak etmişdir.
O, əmək fəaliyyəti dövrundə sayca 30 mindən çox əməliyyat aparıb.
Professora ünvanladığım – “oftalmologiya elmində hansı nəticə səviyyəsinə çatmaq istərdiniz?” – sualımı, “digər elm sahələri kimi, oftalmologiya elmi də hüdudsuzdur, bu sahədə prioritet sayılan, el arasında “qara su” adı ilə tanınan “qlaukoma”nın və gözün müalicəyə çətinliklə tabe olan virus xəstəliklərinin daha dərindən öyrənilməsi və yeni, daha effektli üsullarla müalicəsi mənimçün və elm üçün yeni nailiyyətlərdən olardı” – deyə cavablandırdı.
Minnətdarlıqla adlarını andığınız müəllimlərinizi necə sıralayardınız deyə soruşanda, Paşa müəllim böyük iftixar hissilə, hətta ehtiram əlaməti olaraq oturduğu yerdən durmaq istəyirmiş kimi hərəkətilə, uzun müddət Azərbaycan Tibb İnstitutunun “Oftalmologiya kafedrsı”na rəhbərlik etmiş, tibb elmləri doktoru – professor, AMEA-nın muxbir üzvü, Azərbaycan oftalmoloqlarının hamısının böyük müəllimi – mərhum Umnisə xanım Musabəylinin, onun iki layiqli tələbəsi və Paşa Musayevin də müəllimləri olmuş akademik Zərifə xanım Əliyevanın, tibb elmləri doktoru, professor Zəhra xanım Quliyevanın, həmçinin Moskva müəllimi akademik M.M.Krasnovun adlarını qürurla çəkdi.
Mənim xahişimlə təbabətlə məşğul olduğu dövr ərzində qarşılaşdığı maraqlı hadisələrin bəziləri barədə söz açan Paşa müəllim, Gəncə şəhərindən olan gənc qadının gözündə apardığı ağır əməliyyatdan söz açdı.
Dünyanın aparıcı klinikalarında belə, bir gözdə üç əməliyyatın(“buynuz qişanın donor gözdən xəstəyə köçürülməsi”, “qlaukomaya qarşı “Musayev üsulu”, “göz büllurunun dəyişdirilməsi”) nadir hallarda eyni vaxtda aparıldığnı söyləyən müsahibim, dünya işığına məhrum qaldığından intihar etmək fikrinə düşmüş qadının israrlı təkidi ilə onun hər iki gözündə üç, ümumilikdə isə altı ağır cərrahiyyə əməliyyatının eyni vaxtda aparılması faktına dünyada ilk dəfə olaraq Azərbaycanda – professor Paşa Musayev Qəlbinur imza ataraq elmi ictimaiyyətə təqdim etmiş və əməliyyat 100%-li effektlə nəticələnmişdir.
Bu əməliyyat o vaxtlar təbabət aləmində hadisə kimi qarşılansa da, sonradan belə əməliyyatlar professor Paşa Musayev üçün adiləşərək sadə bir peşə vərdişinə çevrilmişdir.
Zərdüşt təqvimi ilə Paşa Qəlbinurun doğulduğu mart ayı – “sağlamlıq ayı”, mart ayının 30-u tarixi isə – “işıq günü” kimi səciyyələndirilir.
O neçə milyon insandan birinə nəsib olan qeyri adi görmə qabiliyyətinə də malikdir. Adi adamlarla müqayisədə uzağı 2 dəfə(200%), yaxını isə 3 dəfə(300%) yaxşı görə bilir professor Paşa Musayev Qəlbinur.
Yəqin elə bunun nəticəsidir ki, bu yaxınlarda(27.02.2012) donor gözünün buynuz qişasını 6 il əvvəl görmə qabiliyyətindən məhrum olmuş 18 yaşlı Murad Fərəc oğlu Fərəcovun gözünə gecə yarıdan xeyli keçmiş keratoplastika(nəql etmək) edən zaman 2 əməliyyat mikroskopu bir-birinin ardınca sıradan çıxdıqda əməliyyatı dayandırmağın nə ilə nəticələnəcəyinin məsuliyyətini yaxşı başa düşən professor Paşa Musayev, ekstremal şəraitdə ümid yeri olan gözlərinin qeyri-adi görmə qabiliyyətindən və sonuncu-üçüncü mikroskopun texniki imkanlarından məharətlə istifadə etməklə əməliyyatı uğurla sona çatdırmağa nail ola bilir və gənc Fərəcin görmə qabiliyyəti bərpa olunur...
Professorun məndən tez-tez üzr istəyib onu qonşu otaqda gözləyən xəstələri qəbul etməsindən istifadə edərək, kafedranın əməkdaşı Leyla xanımı dilə tutub, Paşa müəllimin şəxsi və insani keyfiyyətlərindən bir az da olsa danışmasını xahiş edəndə, gənc xanım əvvəlcə xoş bir təbəssümlə xahişimə tərəddüdlə yanaşsa da, konkret xarakter daşıyan suallarımı sıxıntı keçirsə belə, cavablandırmaya da bilmədi.
Leyla xanımın dediklərindən:
“Bəzi əməliyyata ehtiyacı olan insanlar ödənişli xəstəxanaları gəzib, son olaraq irfan adamı, hələ 1993-cü ildə Müqəddəs Kəbəni ziyarət etmiş Hacı Paşa Musayevə pənah gətirərək maddi imkanlarının olmadığı barədə bildirəndə, o fikirləşmədən nəinki təmənnasız müvafiq əməliyyat işini həyata keçirir, həm də əldə olan dərman preparatlarını onlara sərf edir, yeri gələndə isə öz hesabına aptekdən əlavə dərmanlar da aldırır.
O, çox diqqətcil adamdır. Kafedranın əməkdaşları və xəstəxananın digər tibb personalı ilə bir ailə üzvü kimi davranar, bayramlarda hamını fərdi hədiyyə ilə təbrik edər, xəstələrə ümid verər.
Paşa müəllim mülayim, vəzifəsindən asılı olmayaraq hamıya hörmətlə yanaşan adamdır. O, ən aşağı təbəqəli işçilərlə belə səmimi salamlaşar, onların əhvalını soruşar, mənəvi dayaq olar. Hamı onun bu hərəkətlərindən böyük razılıqla danışır.
Paşa müəllimin leksikonunda “yox” sözü yoxdur, hətta birbaşa öz imkan və səlahiyyətlərinə aid olmayan işləri digər həmkarlarından xahiş eləməklə xəstələrin “tələbat”ını təmənnasız ödəməyə çalışır.
Qəbuluna gələn xəstələri dəhlizdə gözlətməz və onları bir-bir qəbul etməz, hamısını ümumi zalda əyləşdirərək, hətta darıxmasınlar deyə, hərdən bir onların ünvanına xoş sözlər “yollamaqla”, növbə ilə bir-bir qəbul edərək, xoş üzlə yola salar...”
HAŞİYƏ: I – Paşa Musayevin atası, ixtisasca iqtisadçı olmuş İsmayıl Paşa oğlu Musayev 1924-cü ildə qədim Azərbaycan dövlətinin qərb bölgələrindən sayılan Vedi rayonunun Çimən kəndində anadan olmuşdur.
İsmayıl Musayevin atası Paşa kişinin şəxsi təsərrüfatında yüzlərlə iri və kiçikbuynuzlu mal-qara olmuş, o, Çimən kəndinin və eləcə də bölgənin sayılıb-seçilən, sözü keçən kişilərindən olub.
Paşa kişi təbiətən sakit, mülayim adam olmasına baxmayaraq, onun qardaşlarından biri – Məhəmməd isə böyük qardaşının tam əksi olaraq, ipə-sapa yatmayan, o dövrün dili ilə demiş olsaq, asıb-kəsən, mərd kişilərindən olmiş, onun bir sözünü iki eləyən olmazmış...
Paşa Musayevin anası Ulduz Hüseyn qızı isə 1929-cu ildə İrəvan şəhərində doğulub. O, İrəvan Tibb Texnikumunu və daha sonra İrəvan Pedaqoji İnstitutunu, qardaşı Sülhəddin isə İrəvan Tibb Universitetini bitirdikdən sonra təyinatla bir yerdə Vediyə-Çimən kəndinə gəlirlər və o vaxtkı qaydalara görə 3 il təyinat yerində işləməli olurlar.
Allahın qismətindən İsmayıl Paşa oğlu ilə Ulduz Hüseyn qızının da tanışlığı belə baş tutur...
1948-ci ilin repressiyasına məruz qalmış qərbi azərbaycanlılar sırasında olan İsmayıl Paşa oğlu və Ulduz Hüseyn qızı, Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsinə gələrək, burada məskunlaşırlar.
İsmayıl Paşa oğlu Musayev uzun illər Şəmkirin aparıcı sovxozlarından olan Leninkənd sovxoz təsərrüfatına rəhbərlik etmiş, 1991-ci ildə 67 yaşında dünyasını dəyişmişdir.
Davamlı olaraq həmin sovxozun nəzdindəki uşaq bağçasının müdiri vəzifəsində çalışmış Ulduz Hüseyn qızı isə 2011-ci ildə 82 yaşında Allahın rəhmətinə qovuşmuşdur...
İsmayıl və Ulduz Musayevlərin izdivacından üç övlad təvəllüd tapmışdır.
Belə bir ziyalı ailəsində dünyaya göz açmış Paşa(1952), Nazim(1954) və Sevinc (1960) Musayevlərin hər biri Leninkənd orta məktəbini “Qızıl medal”la bitirmişlər.
Ailədə ikinci övlad olan Nazim Musayev 1971-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq farmakoloq ixtisasına yiyələnmiş, İ.M.Seçenov adına  I Moskva Tibb İnstitutunun aspiranturasını bitirərək, tibb elmləri namizədi elmi dərəcə almış, uzun illər Gəncədə və Bakıda fəaliyyət göstərmiş, heç bir xəstəlikdən şikayəti olmadan 2011-ci ildə, anasının vəfatından bir ay sonra, necə deyərlər deyə-gülə, qəflətən dünyasını dəyişmişdir.
İsmayıl, Ulduz və Nazim Musayevlər Gəncə yaxınlığındakı “İmamzadə” adlanan müqəddəs ocağın ərazisindəki qədim qəbiristanlıqda əbədi yuxudadırlar.
Musayevlər ailəsinin sonbeşiyi olan Sevinc Musayeva – Əkbərova 1977-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olaraq, 1983-cü ildə ali təhsilini başa vuraraq oftalmoloq ixtisasına yiyələnmiş, sonradan İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun aspiranturasını bitirərək tibb elmləri namizədi(1994), bir müddət sonra isə (2000) tibb elmlər doktoru elmi dərəcəsi almışdır.
Sevinc xanım hazırda akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır. Ailəlidir, bir övladı var.
Şair Paşa Qəlbinur:
Yuxarıda ötəri da olsa qeyd etməyə çalışdım ki, Paşa Musayev hələ yeniyetmə çağlarından, 13 yaşından şeir yazmağa başlamış və onun ilk şeiri də gələcək sənət taleyi, göz həkimi olacağı ilə dolayısı ilə də olsa bağlı olan “Gözlər” şeiri olmuşdur.
Qəlbinin nurunu hopdurmaqla çox gözə dünya işığı bəxş edən şair Paşa özünə “Qəlbinur” təxəllüsündən başqa hansısa bir təxəllüsü seçə biləcəyini heç ağlıma da gətirə bilmirəm.
Bu təxəllüs elə onun Zərdüşt təqvimi ilə doğulduğu “sağlamlıq ayı”, “işıq günü” ilə birgə doğulmuşdu desəm, yəqin yanılmaram.
Paşa Qəlbinur gözlərə işıq verə-verə, sözlərə də işıq verdi, hamının leksikonunda olan adi sözdən böyük söz, müxtəlif məna çalarlı söz çələngi düzəltdi, öz söz hakimiyyətini qurdu, öz söz sarayını tikdi, öz söz səltənətinin hakiminə çevrildi.
Qarşımda 2003-cü ildə Bakıda “OZAN” nəşriyyatında çap olunmuş 656 fiziki səhifədən ibarət olan “Ağlıma gələnlər başıma gəldi” adlı bir möhtəşəm şeirlər toplusunun üzərindən şairin əksi mənə baxır.
Bismillah deyib (axı kitab müqəddəsdir), kitabı açıram və 54-cü səhifədəki “Bu gün” şeirini oxuyuram:
“Mən heç kimə
            zəng eləmək istəmirəm,
Mən öz tənha kədərimlə qolboyunam.
Bağrımdadı
            ağrılarım, acılarım,
Səhvlərimin qadasını alım, Allah!
Qoy onlarla dörd divarın arasında
                              qalım, Allah!
Ağ kağızım, boz qələmim,
Kitablarım, dəftərlərim
Bir də, bir də xatirələr...”...
Səhvsiz adamın olmadığını bilən şair, elədiyi səhvləri belə həyatının ayrılmaz hissəsi kimi, təəssüflənmədən etiraf edərək tənha kədərilə qolboyun olaraq, xatirələrini kitablardan oxuduğu oxşarlıqlarla sintez etməklə boz qələminin ucundan ağ kağıza çiskinlətdiyi mənzərə nə qədər də poetik və düşündürəndir.
Ötən əsrin 70-ci illərinin ortalarından, 80-ci illərin ikinci yarısının ortalarınadək Moskva şəhərində aspiranturada, doktoranturada oxuduğu dövrlərdə gərgin elmi araşdırmalarla məşğul olan gənc şair, hər istədiyi zaman kəsiyində alınmasa da, qəlbindən doğan, dilinə qonan poeziya nümunələrini imkan tapan kimi kağıza köçürməyə çalışırmış.
5 şeir kitabının və 2 romanın müəllifi olan Paşa Qəlbinurun ilk şeirlər kitabının işıq üzü görməsi də məhz onun Moskvada olduğu dövrlərə təsədüf edir. 1984-cü ildə nəşr olunmuş bu kitab “Ay bir əlçim buluddur” adlanır.
Şairin ikinci şeirlər kitabı da təxminən həmin dövrlərdə, 1987-ci ildə ərsiyə gəlir ki, şair bu kitabına “Payız məktubu” adını verir.
Paşa Qəlbunuru 1992-ci ildə Azərbaycan Yazıçılar İttifaqı öz üzvlüyünə qəbul edəndə, o, artıq 1987-ci ildən SSRİ Yazıçılar İttifaqınin üzvü idi.
Şairin “Rəngli göz yaşları” adlı, sayca üçüncü işıq üzü görən şeirlər kitabı 1990-cı ilin, “İtmiş həsrət kimi” dördüncü şeirlər kitabı isə 1996-cı ilin ədəbi məhsullarıdır.
Şairin beşinci şeirlər toplusu “Ağlıma gələnlər başıma gəldi” adlanır (2003).
Paşa Qəlbinurun 2009-cu ildə Moskvanın “Flinta” nəşriyyatında rus dilində nəşr olunmuş Azərbaycanda ilk miniatür roman olan “Qara su” və müəllifin digər – “Göz dağı” romanları 2012-ci ildə Bakıda “Şərq-Qərb nəşriyyatında işıq üzü görüb.
“Təbabət poeziyanın fəlsəfi əyarı kimi və ya MAYE İŞIQ” adlı elmi-fəlsəfi tədqiqat əsərində görkəmli oftalmoloq-alim, şair-filosof Paşa Qəlbinurun ictimai-siyasi həyatımızın müxtəlif məsələ və problemləri, xüsusilə də təbabət elmi ilə poeziyanın məntiqi birliyi və əlaqəsi məsələsi haqqında illərdən bəri söylənilmiş baxış və mülahizələri toplanmışdır (“Ozan” nəşriyyatı, Bakı-2002).
Paşa Musayevin Qəlbinurun həyatı, elmi və bədii yaradıcılığı haqqında iki monoqrafiya, iki kitab və bir metodiki vəsait çap olunmuşdur ki, Aybəniz Əliyevanın müəllifi olduğu “Paşa Qəlbinur”(1996), Altay Məmmədovun qələmindən çıxan “Qəlbinur poeziyası XXI əsrin astanasında”(1999) adlı kitablar “Azərbaycanın görkəmli adamları” seriyasından olan nəşrlər sırasına daxildir. “Paşa Qəlbinur yaradıcılığının mədəni-maarif və səhiyyə müəssisələrində təbliği” adlanan metodik vəsait isə 2002-ci ildə işıq üzü görüb.
Paşa Qəlbinurun sözlərinə yazılmış mahnılardan və şeirlərdən ibarət 4 kompakt disk də buraxılıb (2001-2005).
Paşa Musayev Qəlbinur Azərbaycan Təhsil Nazirliyinin “Təhsil mərkəzi”nin təsis etdiyi “Nəriman Nərimanov” mükafatının 2004-cü il üzrə laureatı olmuş, “Ən yaxşı ədəbiyyat xadimi” nominasiyasında “İctimai rəy Monitorinq mərkəzi”nin keçirdiyi rəy sorğusunun nəticələrinə görə isə 2006-cı ildə “İlin ədəbiyyat xadimi” seçilib.
Belə demək mümkündürsə, professor Paşa Musayev bir can da ictimai işlərə “ayırıb”.
O, 2005-ci ildən Dünya Azərbaycanlıları Konqresinin(DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri, 2007-ci ildən DAK İdarə Heyyətinin üzvü olmaqla, 2008-ci ildə Brüsseldə keçirilən Konqresində isə bu qurumun həmsədri seçilmişdir.
“Yeni elmi əsərlər üzərində işləyirsinizmi?” – sualıma, Paşa Musayev Qəlbinur sadəcə olaraq “bəli”, deyə cavab verdi.
“Paşa müəllimə ünvanladığım növbəti – Müalicəyə və ya əməliyyata cəlb etdiyiniz gözlər içərisində maraqlı ola biləcək detallar və ya məqamlar barədə nə deyə bilərsiniz?” sualıma – “Təmasda olduğum vaxtlarda gözlər mənə “göz dili“ndə öz talelərini – əslində mənsub olduqları insanın taleyini, xasiyyətini doğru-dürüst, heç bir təhrifə yol vermədən danışırlar. Ancaq bu barədə ətraflı danışmayacağam. Bu ayrıca bir söhbətin mövzusudur” – deməklə kifayətləndi.
Azərbaycanın mütəfəkkir şairi Bəxtiyar Vahabzadə şeirlərinin birində – “...Saçlar qara, qaşlar qara, ləblər də bal olsun, Hər üzdə gözəllik dediyin gözlərə möhtac...” – demişdir. “Möhtac olduğumuz” gözəlliklə, təbii ki, söhbət gözəl qadının gözəl gözlərindən gedir – həkim olaraq bütün fəaliyyətiniz boyu üzbəüz dayanmaq, həm də bir kişi olaraq Sizin üçün, yumşaq desək, çətinlik törətmir ki? – sualımı isə şair-təbib – “Xeyr, mane olmur!” – cümləsilə cavablandırdı.
Gözəlin gözəl gözü ilə üzbəüz dayananda əvvəlcə bu gözlərə şeir yazmaq istəyiniz yaranır, yoxsa peşəkar həkim olaraq, hissiyyata qapılmadan ancaq sırf müalicə barədə düşünürsünüz? – deyə soruşada, “Həkimlik taleyimdir” – cavabını aldım.
Boş vaxtlarında mütaliə ilə məşğul olmaqdan zövq aldığını və mütaliənin onun üşün ən yaxşı istirahət olduğunu bildirdi Paşa müəllim.
Gözlə poeziya arasındakı münasibətin olub, olmaması barədə soruşanda isə, “onların arasında çox yaxınlıq olduğunu, bədəndə göz nədirsə, ədəbiyyatda da poeziya odur, bədəndə göz təkrarsız və bənzərsizdir, gözəldir” – deyə cavab verdi, şair-təbib.
“İxtisasca filoloq olan həyat yoldaşınız Afaq xanımın Sizin sevgi şeirlərinizə olan münasibətini açıqlaya bilərsinizmi?” – deyib və onun bu sualı necə cabladıracağını düşünməyə macal tapmamış, orijinal bir cavabla – “Afaq xanım poeziyanın əyarını ölçməyə çalışan professional oxucularımdandır” – cavabı ilə qarşılaşdım.
Şair-təbibdən fiziki gözlə bəsirət gözünün fərqi barədə soruşanda isə, “onların arasında həm eynilik, həm də fərq var” – dedi. Paşa müəllim fikrinə davam edərək, “Fiziki göz bədənimizin məsul orqanıdır, bizlə real dünya arasında bir körpüdür, bəsirət gözü isə cəzb edən, əsrar cazibəsi olan bir gözəllik hoqqabazlığıdır” – söylədi.
Poeziya Sizin üçün nədir sualımı – “Balıq suda olduğu kimi, mən də, ömrümün müəyyən hissəsini orada – poeziya dünyasında yaşayıram, gah su-poeziya, gah quru-həyat (mayesiz), gah da ki, cərrahi əməliyyat otağı, başqa sözlə ifadə eləsək, mən üç dünyada yaşayıram”- belə cavablandırdı.
Vaxtınızı əsas işiniz olan həkimlik və könül dünyanız olan poeziya arasında bölüşdürəndə ədalətsizliyə yol vermirsiniz deyə soruşanda, Paşa müəllim fikirləşmədən – “ədalətsizliyə yol verirəm, özü də bu ədalətsizlik oftalmologiyanın xeyrinə olur” – deyə, xəfifcə gülümsəndi.
60 yaşında özünüzü hansı ruhda hiss edirsiniz, – sualıma, filosof babamız Əli Turxanın  – “İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür” – fikrinə şərh verməyəcəyini, amma bu deyimin ona maraqlı gəldiyini, öncəgörmək, insanları yaxından tanıma və bu mənada yarı sevincli, yarı mütəəssir oduğunu, ruhunun isə rəvan, 30-40 yaşlarında özümü necə hiss eləyirdisə, elə indi də elə olduğunu” – dilə gətirdi...
Professor Paşa Musayevin bir oğlu, iki qızı olmaqla, Allah ona 3 övlad payı vermişdir. Allah özü qorusun! Amin!
Ailənin ilki olan Aysel Qəlbinur(1980) Azərbaycan Tibb Universitetinin məzunudur. İxtisasca oftalmoloq olan Aysel xanım, dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmiş, hazırda doktorluq işini davam etdirməklə, Azərbaycan Tibb Universitetinin “Oftalmologiya kafedrası”nın assistentidir.
Tural Paşa oğlu Qəlbinur(1982) həmyerlimiz, Nobel mükafatı laureatı dünya şöhrətli alim Lev Landaudan sonra 13 yaşında Universitet tələbəsi, intellektual dünyası zəngin olan, Azərbaycanın nadir övladlarından biridir.
Bakı Özəl Türk liseyində təhsil almış Tural 1995-ci ildə Bakıdakı orta məktəbi ekstern yolu ilə bitirərək, elə həmin il də Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
2001-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirən gənc oftalmoloq,        2001-2005-ci illərdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki SSK Vakif Gureba Tədris xəstəxanasının “Göz xəstəlikləri kafedrası”nda göz xəstəlikləri üzrə müvafiq təcrübə keçmiş, 2006-2008-ci illərdə isə İsrailin Yerusəlim şəhərindəki Hadas-sah-Hebrev Universitetinin “Vitreoretinal cərrahiyyə şöbəsi”ndə “Medikal və cərrahi vitreoretinal”(Göz dibi xəstəliklərinin cərrahiyyəsi) üzrə üst ixtisasını bitirmişdir.
Tural Qəlbinur 2004-cü ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks usulu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
O, 2009-cu ildə böyük rəqabətlə müsabiqədən keçərək Kanadanın Toronto Universitetinə qəbul olmuş və orada vitreoretinal üst ixtisası üzrə əlavə təhsil almışdır.
Dünyanın ən gənc azərbaycanlı vitreoretinal cərrahı olan Tural Qəlbinurun “British Journal Ophthalmology” jurnalının 2011-ci ilin son nömrəsində dərc etdirdiyi – “Dünyada korluğun əsas səbəblərindən biri – yaşa bağlı makula degenerasiyası olan xəstələrin müalicə problemlərinə” həsr etdiyi elmi məqaləsi San-Fransisko şəhərində keçirilən Amerika Oftalmologiya Akademiyasının Konqresinə təqdim olunmuş yüzlərlə işin içərisindən seçilən ilk orijinal elmi əsər kimi təqdim olunmuşdur.
Dünyaya təvəllüd tapdığı günü – doğmalarının, həmkarlarının, uzun illər yorulmadan sıralarında fəaliyyət göstərdiyi Azərbaycan Tibb Universiteti kollektivinin, şair olaraq ədəbi ictimaiyyətin, habelə Dünya Azərbaycanlıları Konqresinin(DAK) həmsədri olaraq dünyanın hər tərəfində yaşayan çoxmilyonlu soydaşlarımızın, həmçinin üzvü olduğu – dünyanın nüfuzlu elm məbədlərinin tanınmış simalarının şahidliyi ilə – 60-cı dəfə bu gün, 30 mart 2012-ci il tarixdə doğma Bakı şəhərində  özünəməxsus bir şəkildə qeyd etməklə, yaşamış olduğu ömür tarixində 61-ci səhifəni açan, yuxarıda özü, dəyərli sələfləri, layiqli xələfləri haqqında əldə elədiyim məlumatlar əsasında qabiliyyətim çərçivəsində söz demək istədiyim – buna müvəffəq olub-olmadığımı Sən Əlahəzrət Oxucu deyəcəyin – şair-təbib Hacı Paşa İsmayıl oğlu Musayevə – Qəlbinura, yazımdan da göründüyü kimi Uca Yaradan SEVDİKLƏRİnə verdiklərini əsirgəmədiyi kimi, Paşa müəllimin özünün də gərgin zəhməti, tutduğu peşəyə böyük sevgi ilə yanaşması nəticəsində çoxsaylı uğurlara imza atıb.
Təbii ki, həyatda mütləq xoşbəxtlik yoxdur. İnsana xoşbəxtlik bəxş edən anlar, məqamlar, hadisələr, xoş müjdəli xəbərlər var.
Bu mənada Paşa Musayevin Qəlbinurun həyat və yaradıcılığında baş vermiş bu “XOŞ”ları riyazi hesablamalara cəlb edərək, əldə edəcəyimiz nəticəni sözün yaxşı mənasında “XOŞ”ları çox olduğu güman olunan şəxslərlə müqayisə eləsək, təxayülümün gəldiyi qənaətə görə qəhrəmanımın balansında müsbət saldo  yer almış olar.
Həyat və yaradıcılığının 60 illik balansı artan yekunla müsbət saldo təşkil edən şair-təbib “dostum” hörmətli Paşa müəllimə Allahın onun üçun ayırdığı ömür payının bundan sonrakı mərhələlərini də ürəyinin istədiyi və qəlbinin dikdə elədiyi kimi yaşayıb, yaratmağı – fəaliyyət göstərməyi ən xoş səmimiyyətlə arzulamaqla, İnşaalah – 100-də də müsbət saldo ilə görüşmək ümidiylə...
Fəxrəddin M E Y D A N L I
30 mart 2012-Bakı



Bu yazı ( 270 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar