12px14px16px18px

Rəsmi Bakıdan Avropa parlamentinə etiraz

XARİCİ İŞLƏR NAZİRİLİYİNİN NÜMAYƏNDƏSİ ELMAN ABDULLAYEV: “AZƏRBAYCANDA MÜXALİFƏT VƏ MEDİA ÜÇÜN YARADILMIŞ İMKANLARIN HEÇ BİRİ AVROPA ÖLKƏLƏRİNDƏN GERİ QALMIR. HƏTTA BƏZİ HALLARDA YÜKSƏKDİR”

01:49 / 26.05.2012
Dünən ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumu ilə bağlı 2011-ci ilə aid hesabatını yayıb. APA-nın xəbərinə görə, hesabatda dünyanın 200-ə qədər ölkəsində insan haqlarının durumu ilə bağlı məlumatlar əksini tapıb. Dövlət Departamentinin hesabatında Azərbaycanda insan haqları ilə bağlı ötən ilki vəziyyətdən bəhs edilərkən əsasən söz, toplaşma və birləşmə azadlığı, məhkəmə sisitemi və evlərin sökülməsi zamanı kompensasiyaların ödənilməsi prosesində yaranmış mübahisələr barədə qeyd olunub. Hesabatda ötən ilin mart-aprel aylarında keçirilmiş aksiyalar zamanı həbs olunanların olduğu xatırladılıb, Bakı şəhər İcra Hakimiyyətinin aksiya müraciətlərinə verdiyi cavablardan bəhs edilib. Müvəqqəti saxlanma təcridxanaları və həbsxanalardakı sosial şərait barədə məlumat verildiyi hesabatda son zamanlar Bakıda aparılan abadlıq işləri çərçivəsində evlərin sökülməsi zamanı verilən kompensasiyaların məbləği ilə bağlı mübahisələr yarandığı, mülkiyyət hüququnun pozulması halları olduğu bildirilib. Dünən Avropa Parlamenti də Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hökumətinə dinc aksiyalara razılıq verməsi ilə bağlı çağırış edilib. Qətnamədə radikal islamçı qrupların Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsi ilə bağlı apardıqları anti-təbliğat, iştirakçılara və tamaşaçılara qarşı səsləndirdikləri təhdidlər də pislənilib. “Avropa Parlamentində Azərbaycanda insan hüquqları ilə bağlı qətnamənin qəbul edilməsi hər hansı məsələni araşdırmadan, buna səthi yanaşaraq, qeyri-dürüst, az saylı deputatın iştirakı ilə düşünülməmiş və ədalətsiz addımdır”. APA-nın xəbərinə görə, bunu isə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. E.Abdullayevin sözlərinə görə, Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla bağlı qəbul olunan qətnamənin doğru olmadığını bəyan ediblər. XİN sözçüsü deyib ki, hər hansı insidentin şişirdilməsi və ona siyasi rəng verilməsi Avropa Parlamentinin mövqeyinə, neytrallığına böyük zərbədir: “Bu onların neytrallığını, şəffaflıqlarını şübhə altına qoyur”. E.Abdullayevin fikrincə, hazırda Avropada Azərbaycana qarşı çirkin kampaniya aparıldığına heç bir şübhə yoxdur. Onun sözlərinə görə, belə bir qətnamənin qəbul olunması da bu kampaniyanın tərkib hissəsidir: “Azərbaycanda müxalifət və media üçün yaradılmış imkanların heç biri Avropa ölkələrindən geri qalmır. Hətta bəzi hallarda yüksəkdir. Biz bilirik ki, Avropa mediası sifarişli məqalələr yazır və onların arxasında kimlər durur. İndi Avropada tez-tez sərbəst toplaşmaq azadlığı barədə deyilənlər isə manipulyasiya xarakteri daşıyır. Azərbaycan müstəqil ölkədir, öz siyasətini öz maraqlarına əsasən həyata keçirir. Heç kimin təzyiqlərinə, hər hansı sözünə ehtiyac yoxdur. Niyə həmin qətnaməni qəbul edən deputatlar Avropada islamofobiya və atnisemitizmə fikir vermirlər?”


Bu yazı ( 232 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar