12px14px16px18px

İsveçin “Eurovision” təmsilçisi müxalifətçilərlə görüşdü

İSVEÇİN AZƏRBAYCANDAKI SƏFİRİ: “LORİNİN MÜXALİFƏT VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞÜ ONUN ŞƏXSİ SEÇİMİDİR”

01:27 / 25.05.2012
“Eurovision” musiqi yarışmasında İsveçi təmsil edən müğənni Lorin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov və Norveç İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova ilə görüşüb. RATİ-dən APA-ya daxil olan məlumata görə, qurumun mətbuat mərkəzində keçirilən tədbir İsveçin “Civil Rights Defenders” təşkilatının və Norveç İnsan Haqları Evinin dəstəyi ilə gerçəkləşib. Tədbirdə İsveçin “Civil Rights Defenders” təşkilatının nümayəndəsi Robert Hards da iştirak edib. Görüşdə Lorinə Azərbaycanda insan hüquq və azadlıqları, siyasi, sərbəst toplaşmaq, söz azadlığı və mülkiyyət hüquqlarının durumu barədə məlumat verilib, onun sualları cavablandırılıb. Yerli hüquq müdafiəçiləri İsveç müğənnisi ilə görüşü “Demokratiya naminə musiqi” (Sing for Democracy) hərəkatına dəstək kimi dəyərləndiriblər. Onlar müğənniyə “Eurovision”un yarımfinalında və final konsertində Azərbaycanda insan haqlarının müdafiəsinə hər hansı formada dəstək çağırışı etməyi təklif ediblər. Lorin də görüşdən məmnun qaldığını bildirib və həmişə insan haqlarının qorunmasına və müdafiəsinə çalışacağını, bu sırada Azərbaycanın da yer alacağını deyib. Qeyd edək ki, görüşdə bir qrup xarici jurnalist də iştirak edib. Jurnalistlərdən birinin APA-ya verdiyi məlumata görə, görüş İsveçin Azərbaycandakı səfirinin təşəbbüsü ilə baş tutub. Hətta Lorin İsveçin Azərbaycandakı səfirinin təlimatı və onun özünün müşayiəti ilə tədbir məkanına gəlsə də, diplomat tədbir zalında görünməyib. Məlumat üçün bildirək ki, İsveçin Azərbaycandakı səfirliyi hələ fəaliyyətə başlamadığından səfir daimi olaraq Azərbaycanda yaşamır. O, məhz bu tədbirlərlə bağlı Azərbaycana gəlib. Xəbərdə bildirilir ki, hüquq müdafiəçiləri ilə görüşdə Lorinə “Demokratiya naminə musiqi” hərəkatının əvvəlki tədbirlərinin video sujetləri göstərilib, müğənni foto sərgi ilə tanış edilib və ona “Eurovision” səhnəsində səsləndirəcəyi bəyanatla bağlı tezislər deyilib. Xatırladaq ki, srağagün “Villa Petroleum”da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Erikssonun təşkil etdiyi ziyafətdə bu ölkəni “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə (Loreen) yanaşı Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də iştirak edib. Məlumata görə, səfir Lorindən “Eurovision” səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Eyni xahişə müxalifət liderləri də qoşulublar. Müxalifət liderləri ziyafətdə iştirak etdiklərini təsdiqləsələr də, Müsavat başqanı İsa Qəmbər “bizim yanımızda belə söhbət olmayıb” deməklə kifayətlənib. Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müsahibəsində bu xəbərə də münasibət bildirib. O, xəbərdə əksini tapan faktı “ müsabiqəni siyasiləşdirmə cəhdi” adlandırıb: “İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun. Musiqi yarışmasını siyasiləşdirmək olmaz. Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışması arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək”. Ə. Həsənov məsələnin mahiyyəti barədə dəqiq məlumatlı olmadığını da vurğulayıb: “Hər halda mətbuatdakı xəbərlərdə görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə “Eurovision” yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik etməsi bəlli məqsədlərə xidmət edir. Əlbəttə, bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik”. İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Eriksson isə bu ölkənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Lorindən müsabiqədə siyasi bəyanatlarla çıxış etməyi xahiş etmədiyini deyib. M.Eriksson APA-ya açıqlamasında mayın 22-də həqiqətən də qəbul təşkil etdiyini bildirib: “Bu qəbula hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin və müxalifət təmsilçiləri dəvət olunublar. Bu cür qəbulların təşkili normal praktikadır və burada qəribə heç nə yoxdur. Həmin qəbulda İsveçin “Eurovision-2012” təmsilçisi kimi Lorin də iştirak edib”. Səfir bildirib ki, srağagün Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə də bu məsələ müzakirə olunub: “Mən nazirliyin əməkdaşlarını əmin etdim ki, bu məlumat həqiqətə uyğun deyil”. Lorinin müxalifətçilər, yerli hüquq müdafiəçilərinin nümayəndələri ilə görüşməsi, Azərbaycanda insan haqlarının durumu, demokratiya və s. məsələlərlə bağlı müsahibə və bəyanatlar verməsi barədə sualı cavablandıran səfir bildirib ki, müğənninin bu cür görüşlər keçirməsindən xəbərdardır: “Lakin bu onun şəxsi seçimidir. Mən bu görüşdə iştirak etməmişəm, görüşün təşəbbüskarı da deyiləm”.


Bu yazı ( 232 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar