12px14px16px18px

“Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir”

İNTERPOLUN BAŞ KATİBİ “EUROVİSİON 2012”DƏ GÖRÜLƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

00:54 / 25.05.2012
 “Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir. İnterpolla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədə qurulub”. APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə İnterpolun baş katibi Ronald Noubl deyib. O bildirib ki, 2003-cü ildən Azərbaycana səfər edir və bu müddət ərzində ölkənin Daxili İşlər Nazirliyi ilə fəal əməkdaşlıq edir. Noubl Azərbaycanda təhlükəsizliyə dair aparılan tədbirləri və DİN-in peşəkarlığını yüksək qiymətləndirib. O deyib ki, beynəlxalq və regional səviyyədə ölkəyə daxil olan xarici vətəndaşlarının şəxsiyyətinin müəyyən edilməsi müasir dünyadakı təhlükələrə qarşı vacib amildir. Bu məsələdə Azərbaycan xarici vətəndaşların sənədlərinin etibarlılığını, onların İnterpol tərəfindən axtarışda olub-olmamasını yoxlamaq məqsədi ilə ən müasir avadanlıqdan istifadə edir. Bu cür təhlükəsizlik tədbirləri Azərbaycanda çox güclü təşkil olunub. Noubl bildirib ki, Azərbaycan terrorçuların ölkəyə daxil ola bilməməsi istiqamətində bütün tədbirləri görür. Təhlükəsizliklə bağlı müasir avadanlığın tətbiq edilməsi sahəsində də Azərbaycan birincilər sırasındadır. Azərbaycanda səfərdə olan İnterpolun baş katibi “Eurovision 2012” mahnı müsabiqəsində görülən təhlükəsizlik tədbirlərini yüksək qiymətləndirib. Noubl bildirib ki, müsabiqədən 9 ay əvvəl İnterpol Azərbaycanın Daxili İşlər Nazirliyi ilə birgə müsabiqədə təhlükəsizliyin təmin olunması sahəsində işləməyə başlayıb. O bildirib ki, Azərbaycanla İnterpol arasında əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycana gələn qonaqlar özlərini rahat və komfortlu hiss edə bilərlər.


Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar