12px14px16px18px

“Azərbaycanda abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir”

BMT-NİN XÜSUSİ MƏRUZƏÇİSİ: “HƏKİMLƏRİN VƏ DİGƏR SƏHİYYƏ İŞÇİLƏRİNİN ƏMƏK HAQLARI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIRILMALIDIR”

00:38 / 24.05.2012
BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi, BMT Baş Məclisinə hesabat və məsləhət verən müstəqil ekspert Annand Grover Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, mayın 16-dan Azərbaycanda olan A. Grover 2013-cü ilin iyun ayında BMT İnsan Hüquqları Şurasına təqdim ediləcək yekun hesabatda daha ətraflı əksini tapacaq ilkin müşahidələrinin bəzilərini açıqlayıb.
A. Grover Bakıda keçirdiyi mətbuat konfransında müstəqillik əldə etdikdən sonra valehedici iqtisadi artım və ölkədə yoxsulluğun azaldılması ilə əlaqədar Azərbaycan hökumətinin addımlarını təqdir edib, amma bununla yanaşı qeyd edib ki, qeyri-bərabərlik davam etməkdədir: “Səhiyyə xərclərinin artmasından görünür ki, hökumət ölkədə səhiyyənin vəziyyətini yaxşılaşdırmağa meyl edir. Məsələn, 2011-2012-ci illərdəki 18%-lik artım daxil edilməklə 2003-2012-ci illər ərzində səhiyyə sahəsinə büdcə ayırmaları 10 dəfə artıb. Səhiyyə sahəsinə əsaslı kapital qoyuluşu da artıb. 2011-ci illə müqayisə edildikdə 2012-ci ildə səhiyyədə dövlət investisiyalarının həcmi 40 faiz yüksəlib, yaxın keçmişdə 400 səhiyyə müəssisəsi yenilənib və ya yenidən inşa edilib. Lakin səhiyyə üzrə cari dövlət xərcləri Azərbaycanın iqtisadi artımı və digər sahələr üzrə dövlət xərclərinin tempi ilə uzlaşmayıb. Hazırda səhiyyə üzrə dövlət xərcləri Ümumi Daxili Məhsulun 1,5 faizini təşkil edir. Bu, beynəlxalq standartlar baxımından aşağı göstəricidir və Amerika (8,1 faiz), Avropa (7,4 faiz), keçmiş sovet respublikaları (5,9 faiz) və Afrika (3 faiz) üzrə 2010-cu ilin müvafiq orta səviyyəsindən aşağıdır. Azərbaycanın dövlət büdcəsinin yalnız 4,5 faizi səhiyyə sahəsinə ayrılır, halbuki Avropa üzrə bu göstəricinin orta səviyyəsi 2010-cu ildə 15,3 faiz təşkil edib. Hökumət də səhiyyəyə xərclənən vəsaitin çox az olduğunu etiraf edir”.
Ekspertin sözlərinə görə, qanunla dövlət səhiyyə müəssisələrində səhiyyə xidmətlərinin pulsuz göstərilməsinin tələb edilməsinə baxmayaraq, bu xidmətlər müqabilində qeyri-formal ödəmələrə yol verilir. A. Grover bildirib ki, bu problemlərin yaranmasının səbəbi həkimlərin və digər səhiyyə işçilərinin aşağı, bəzi mərhələlərdə ölkə üzrə minimum əmək haqqından bir qədər artıq olan əməkhaqqı almalarından irəli gəlir: “Əmək haqqının aşağı olması səhiyyə xidmətlərinin aşağı keyfiyyətində özünü göstərir”.
Xüsusi məruzəçi qeyd edib ki, həkimlər və digər səhiyyə işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artırılmalıdır. A. Grover hökumətə icbari tibbi sığorta proqramının həyata keçirilməsinin ön sıraya çıxarılmasını tövsiyə edib. Bu proqramların bir neçə dəfə təxirə salındığını diqqətə çatdıran A. Grover, hökumət rəsmiləri ilə görüşdə bu proqramın nə zaman və necə həyata keçirilməsi barədə məlumat verilmədiyini söyləyib.
A. Grover səfəri zamanı həbsxanalarda və istintaq təcridxanalarında sağlamlıq hüququnun icra edilməsi ilə bağlı vəziyyəti də öyrənib. O, həbsxanalarda, xüsusilə həbsxanaların tibb bölməsindəki qeyri-adekvat sanitariya və natəmizlik şəraitindən və vərəm xəstəliyinin yayılmasından narahat olduğunu bildirib.
A. Grover deyib ki, Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüququnun yerinə yetirilməsinin sürəti də narahatlıq doğurur. Qonaq bəyan edib ki, ölkədə abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir: “Bu, qismən uşağın cinsi səbəbindən abortun edilməsi, cinsi və reproduktiv sağlamlıq mövzusunda maariflənmə və məlumatlandırma proqramlarının çatışmazlığı ilə bağlıdır”.
Qeyd edək ki, A. Groverin səfəri dünən başa çatır. O, səfəri zamanı hökumət rəsmiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.





Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar