12px14px16px18px

İlk yarımfinalda 8 ölkənin münsifləri ilə tamaşaçıların səsverməsi üst-üstə düşüb

00:35 / 24.05.2012
“Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, “Eurovision-2012”nin icraçı prodüseri Adil Kərimli, müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker, işçi qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov, eləcə də PR menecer Kamran Ağasi bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Yan Ola Sand deyib ki, “Eurovision” müsabiqəsi Azərbaycanda ilk dəfə keçirilir və bu müsabiqədə 42 ölkə təmsil olunur: “Monteneqro bu il müsabiqəyə qayıdış edib, Ermənistan müsabiqədə iştirak etməyib, Albaniya isə ölkədə matəm elan olunduğuna görə, dünən keçirilmiş ilk yarımfinalı yayımlamayıb: “Azərbaycan 2008-ci ildən müsabiqədə yüksək səviyyəli ifaçılarla təmsil olunur. İlk dəfədir ki, “Eurovision” yeni tikilmiş bir məkanda keçirilir. Bu məkan heç bir sınaqdan çıxmayıb, məşqlər və şoularla bu məkan sınaqdan keçir. Bu ildən etibarən yenidən səsvermə klassik olaraq son 15 dəqiqəyə keçib. Bu qərarı verməyimizdə məqsəd tamaşaçının fikrini yayındırmamaqdır. İstədik ki, tamaşaçılar sona kimi bu çıxışlardan zövq ala bilsinlər”.
Srağagün keçirilən I yarımfinalda Rumıniyanın çıxışı zamanı müğənninin qulaqcıq mikrofonunda problem yaşandığını deyən Yan Ola Sand, növbəti şoularda bütün bu problemləri aradan qaldırmağa çalışacaqlarını deyib: “Dünənki şouda finala vəsiqə qazanan ölkələrlə bağlı jüri və tamaşaçı səsverməsində fərqli nəticələr əldə etmişik. 8 ölkənin münsifləri ilə tamaşaçılarının səsverməsi üst-üstə düşüb, 1 ölkə vətəndaşların səsverməsi, 1 ölkə isə jüri səsverməsinə görə finala vəsiqə qazanıb”.
Sietse Bakker isə qeyd edib ki, ötən il “Eurovision” mahnı müsabiqəsi zamanı facebook və twitter şəbəkələrində 1 milyon link qoyulub: “Ötən gün isə hər iki sosial şəbəkədə hər beş statusdan biri “Eurovision”la, və ya təmsilçilərlə bağlı olub”. Sietse Bakker bildirib ki, gec saatlarda keçirilməsinə baxmayaraq insanların bu şouya marağını yüksək qiymətləndirir. O, gələn il “Eurovision” Mahnı Müsabiqəsinin I yarımfinalının mayın 14-də, II yarımfinalının mayın 16-da, final mərhələsinin isə mayın 18-də keçiriləcəyini deyib.
Müsabiqə rəhbəri deyib ki, EBU istənilən ölkənin yarışmaya ev sahibliyi etməsini dəstəkləyir: “Ölkənin zəngin mədəniyyəti varsa, bu mədəniyyətin dünyaya çatdırılmasında həmin ölkəyə köməklik etməyə hazırıq”. Eurovision 2012-nin icraçı prodüseri Adil Kərimli bütün media mənsublarını və qonaqları Bakıya salamlayıb və onlara uğurlar arzulayıb.
Jurnalistlərin suallarını cavalandıran Yan Ola Sand Azərbaycanın bu müsabiqəyə nə qədər maliyyə xərcləməsi ilə bağlı sualı “bu il də şouya təxminən Düsseldorfdakı qədər xərc çəkilib” şəklində cavablandırıb. O bildirib ki, “Baku Crystal Hall”ın və Mətbuat Mərkəzinin tikinti xərcləri bu rəqəmə daxil deyil: “Çünki “Crystal Hall” “Eurovision” müsabiqəsi üçün tikilməyib və bu məkan uzun illər xidmət göstərəcək”.








Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar