12px14px16px18px

Azərbaycan səfiri İran XİN-ə çağırıldı

RƏSMİ BAKI: “İRAN AZƏRBAYCANIN UĞURLARINA QISQANCLIQLA YANAŞIR”

00:49 / 23.05.2012



Mayın 22-də İranın Azərbaycandakı səfirliyi açıqlama yayıb. “Media forum” saytının məlumatına görə, səfirliyin müvəqqəti işlər vəkili Əhməd Neməti adından verilən açıqlamada deyilir: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb. O, lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb”.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev isə bildirib ki, İran tərəfinin öz səfirini Azərbaycandan Tehrana çağırmaq məsələsində dəqiq mövqeyi yoxdur (“Trend”).
“İran XİN-in özü bəyan edir ki, səfir Məhəmməd Bağır Bəhramini məsləhətləşmələr üçün çağırır. Lakin İranın Azərbaycandakı səfirliyi bəyan edir ki, səfir dini xarakterli səbəblərə görə çağırılıb. Bu qarışıqlıq həmin məsələdə İran tərəfinin dəqiq mövqeyinin olmamasını göstərir. Bəzi dövlətlər, o cümlədən İran dünyanın aparıcı dövlətlərindən birinə çevrilən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır”, – deyə E.Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycan öz müstəqil siyasətini yürüdən və başqalarının onun işlərinə qarışmasına imkan verməyən müstəqil dövlətdir: “Biz Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun təhlükəsizliyini diqqətlə izləyirik. İran Vyana Konvensiyasına uyğun olaraq bizim Təbrizdəki diplomatik nümayəndəliyimizin təhlükəsiziliyini təmin etməyə borcludur”.
O qeyd edib ki, zərurət yaranarsa, Azərbaycan Təbrizdəki konsulluğunun mühafizəsi üçün müvafiq tədbirlər görəcək. XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan həmişə mehriban qonşuluq siyasəti yürüdüb və öz qonşularından da bunu tələb etmək hüququna malikdir.
“Trend”in yaydığı başqa bir məlumata görə, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov dünən İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir. İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi səfir Cavanşir Axundovla görüşərək iki ölkə arasındakı son vəziyyətlə bağlı müzakirələr aparıb və ölkəsinin Azərbaycanda “dini müqəddəslərə hörmətsizlik” məsələsinə etirazını çatdırıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Trend-ə İran XİN-nə çağırılması faktını təsdiqləyib, lakin müzakirələrin təfərrüatlarını açıqlamayıb.



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar