12px14px16px18px

Rəsmi Bakı Təbrizdəki baş konsulluğumuz qarşısında aksiyalardan narahatdır

ELMAN ABDULLAYEV: “AKSİYA KEÇİRƏNLƏRİN ARXASINDA DAYANAN DAİRƏLƏR HƏR İKİ TƏRƏFƏ, O CÜMLƏDƏN İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ ZƏRBƏ VURUR”

01:14 / 18.05.2012
“Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki baş konsulluğunun binası qarşısında keçirilən aksiyaların intensivləşməsindən narahatdır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib. E.Abdullayev Azərbaycan və İranın qədim tarixi ənənələrə, birgə tarixi köklərə malik dövlətlər olduğunu xatırladaraq bunları deyib: “Təəssüf edirik ki, bu aksiyaların arxasında münasibətlərimizə xələl gətirən qüvvələr dayanır. Bu dairələr Azərbaycan və İran əlaqələrinin inkişafında maraqlı deyil. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan öz siyasi qərarlarını qəbul edərkən heç kimlə məsləhətləşmir. Biz İranla münasibətlərimizi mehriban qonşuluq prinsipləri əsasında qururuq. Bu prinsipdə isə bir-birinin daxili işlərinə qarışmamaq nəzərdə tutulur. Buna bərabər şəkilli qonşuluq münasibətləri deyilir”. Azərbaycanın bu prinsiplərə sadiq olduğunu vurğulayan E. Abdullayev Azərbaycanın 20 il əvvəlki ölkə olmadığını da deyib: “Ölkəmiz regionun inkişaf etmiş qüvvəsinə, partnyora çevrilib”. XİN sözçüsü qeyd edib ki, regionun inkişafına ən böyük əngəl Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir. E.Abdullayev bütün müsəlman aləminin, beynəlxalq ictimaiyyətin, İslam Konfransı Təşkilatının Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini, Ermənistanı təcavüzkar ölkə kimi tanıdığını xatırladıb: “Müsəlman aləmi, İslam Konfransı Təşkilatı Azərbaycan xalqının faciələri, torpaqlarının işğalı ilə bağlı dəfələrlə sənədlər və qətnamələr qəbul edib. Bu göstərir ki, müsəlman aləmi Azərbaycan faciəsinə biganə deyil. Təəssüf ki, İranda Azərbaycan konsulluğu qarşısında aksiya keçirənlərin arxasında dayanan dairələr hər iki tərəfə, o cümlədən İran-Azərbaycan münasibətlərinə zərbə vurur”.


Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar