12px14px16px18px

Millət vəkilləri Ermənistana gedir

MUSA QULIYEV DOĞULDUĞU URUD KƏNDINƏ BAŞ ÇƏKMƏK NIYYƏTINDƏDIR

01:06 / 18.05.2012  
Milli Məclisin (MM) üç nəfərlik nümayəndə heyəti Ermənistana səfər edəcək. APA-nın məlumatına görə, səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılmaqdır. QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir. Səfər mayın 21-dən 24-dək davam edəcək. Məlumatı MM-in mətbuat xidməti APA-ya təsdiqləyib. Qeyd edək ki, iclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılacaq Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev doğulduğu Sisyan rayonunun Urud kəndinə səfər etməyi planlaşdırır. Bu barədə APA-ya M. Quliyev özü məlumat verib. Bundan əvvəl, Belqradda keçirilən iclasda erməni deputatlarla bu məsələni müzakirə etdiklərini deyən M. Quliyevin sözlərinə görə, Ermənistan parlamentinin deputatları azərbaycanlı deputatın doğulduğu kəndə səfər etməsinə çalışacaqlarını bildiriblər: “Səfər üçün bir gün vaxtım olacaq. Məqsədim doğulduğum Urud kəndinə səfər edib ata-babalarımız məzarını ziyarət etməkdir. Əgər Ermənistan siyasi hakimiyyəti buna icazə verərsə, bunu onların xoş niyyəti kimi başa düşmək olar”. Qeyd edək ki, M. Quliyev bundan əvvəl bir dəfə – 2006-cı ildə Qara İqtisadi Əməkdaşlıq Təşkilatı Məclisinin Baş Assambleyasının İrəvanda keçirilən iclası çərçivəsində Urud kəndində olub.


Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar