12px14px16px18px

Rəsmi Bakı ABŞ-la razı deyil

AZƏRBAYCAN XİN: “AZƏRBAYCAN DÖVLƏTİ HƏMİŞƏ HƏM ÖZ VƏTƏNDAŞLARININ , HƏM DƏ ÖLKƏDƏKİ ƏCNƏBİLƏRİN TƏHLÜKƏSİZLİYİNİN KEŞİYİNDƏDİR”

01:41 / 17.05.2012

ABŞ-ın Azərbaycandakı səfirliyi öz vətəndaşlarını “Eurovision-2012” mahnı müsabiqəsindəki kütləvi tədbirlərdə iştirak edərkən sayıq olmağa çağırıb. APA-nın məlumatına görə, müvafiq xəbərdarlıq bu gün səfirliyin saytında yerləşdirilib. Məlumatda bildirilir ki, səfirliyin ABŞ vətəndaşlarına ilin əvvəlində etdiyi xəbərdarlıq qüvvədə qalır.
Xəbərdarlıqda qeyd olunub: “Bakıda keçiriləcək “Eurovision-2012” fonunda Azərbaycandakı ABŞ vətəndaşları kütləvi tədbirlərdə iştirak edərkən xüsusi sayıqlıq nümayiş etdirməlidir. Vətəndaşlarımız daim ətrafda baş verən hadisələri izləməli və öz şəxsi təhlükəsizliklərini düşünməlidirlər”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı xəbərdarlığa münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev APA-ya deyib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: “Azərbaycan dövləti həmişə həm öz vətəndaşlarının , həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir. Bakıya və ölkənin regionlarına gələn turistlərin təhlükəsizliyi həmişə ən yüksək səviyyədə təmin olunur”.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi də ABŞ-ın ölkəmizdəki səfirliyinin öz vətəndaşlarını “Eurovision-2012” mahnı müsabiqəsindəki kütləvi tədbirlərdə iştirak edərkən sayıq olmaları ilə bağlı çağırışına münasibət bildirib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət edilir.



Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar