12px14px16px18px

“Azərbaycanda söz və mətbuat azadlığının qorunmasının əksini deyənlər ya yanılırlar, ya da qərəzlidirlər”

01:34 / 17.05.2012

“Azərbaycanda söz və mətbuat azadlığı tam qorunur. Bunun əksini deyənlər ya yanılırlar, ya da qərəzli münasibət göstərənlərdir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bunu “Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib: “Mən indiyədək “Eurovision” mahnı müsabiqəsinin bu cür siyasiləşdirilməsini görməmişəm. Lakin Azərbaycanda keçirilən “Eurovison” müsabiqəsi siyasiləşdirilir. Halbuki bu bir mədəniyyət tədbiri, musiqi yarışmasıdır. Qərb və yerli müxalifət mətbuatı “Eurovision” mahnı müsabiqəsi ətrafında Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq istiqamətində çalışır ki, bu da qətiyyən düzgün deyil. İddia oldu ki, guya 60 min insanın mülkiyyət hüququ pozulub. Belədirsə, müxalifət mitinqinə niyə 2 mindən artıq insan toplaya bilmədi?”
V. Əliyev deyib ki, Azərbaycan iqtidarı ölkədə mətbuat azadlığı qoruyub və bundan sonra da qorumaqda davam edəcək.
Ölkədə 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetin, 100-ə yaxın jurnalın, 52 elektron KİV-in fəaliyyət göstərdiyini qeyd edən sektor müdiri 30-dan artıq jurnalist təşkilatının söz və mətbuat azadlığının təmin olunması istiqamətində iş apardığını vurğulayıb.
V. Əliyev Azərbaycanda mətbuatın normal fəaliyyət göstərməsi istiqamətində atılan addımlardan da söz açıb. O, mətbuatın ƏDV-dən azad olunduğunu, kağız üçün gömrük rüsumunun tətbiq edilmədiyini, mətbuat nümayəndələri üçün bina inşa edildiyini, “Azərbaycan” nəşriyyatının dövlətə olan 450 min manatlıq borcunun silindiyini diqqətə çatdırıb.
PA rəsmisi Azərbaycan mətbuatının ən böyük probleminin nədən ibarət olduğunu da açıqlayıb: “Ən böyük problem mətbuatın iqtisadi müstəqilliyinin zəif olmasıdır. İqtisadi müstəqil olmayan mətbuat isə siyasi qüvvələrin, ayrı-ayrı dairələrin təsiri altına düşür”.
Tədbirdə Vüqar Əliyevlə jurnalist Xədicə İsmayılova arasında da polemika olub. X. İsmayılovanın ölkədə söz və ifadə azadlığına məhdudiyyət qoyulması ilə bağlı ittihamlarına cavab verən V. Əliyev deyib: “Əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı, siz belə yazılar yaza bilməzdiniz”.
PA təmsilçisi Azərbaycan hökumətinin jurnalistlərə qarşı təzyiqləri daim pislədiyini də vurğulayıb.







Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar