12px14px16px18px

Seysmoloji Mərkəz zəlzələ xəbərlərinə münasibət bildirdi

01:33 / 17.05.2012
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələlərlə bağlı əhalini qorxuya salan məlumatların yayılmasına münasibət bildirib. RSXM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəz Zaqatala zəlzələsi və ondan sonra baş verən titrəyişlərlə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırsa da, hələ də əhali arasında müəyyən narahatçılıqların olmasından istifadə edərək, insanları qorxuya salmaq istəyən və qeyri-dəqiq informasiyalar yaymağa çalışanlar var: “Güclü zəlzələdən sonra ocağın sönməsi üçün müəyyən avtoşoklların qeydə alınması tam qanuna uyğundur və bu proses bir qədər davam edə bilər. Şəki və Zaqatalada qeydə alınan və hiss olunan son təkanlar da prosesin davamı kimi qəbul olunmalıdır. Odur ki, zəlzələ ilə bağlı məlumatları yayarkən qeyri-dəqiq informasiyalara yol verməməyi, maarifləndirmə məqsədi ilə Mərkəzin rəsmi saytında yerləşdirilmiş məlumatlardan istifadə etməyi xahiş edirik”.
Məlumatda bildirilib ki, mayın 7-də Zaqatalada baş verən 7 bal gücündə zəlzələdən sonra RSXM tərəfindən çoxsaylı təkanlar qeydə alınıb ki, onların da hiss oluna bilən bir neçəsi haqqında ictimaiyyətə məlumatlar verilib: “Zəlzələ baş verən ilk saatlardan etibarən mərkəzin baş direktoru Qurban Yetirmişli və mərkəzin əməkdaşları zəlzələ bölgəsindədirlər. Hazırda zəlzələnin episentri və ona yaxın ərazilərində əlavə quraşdırılmış 5 mobil seysmik stansiya vasitəsi ilə makroseysmik müşahidələr davam etdirilir. Azərbaycanda zəlzələlərin qeydiyyatı və tədqiqatı ilə məşğul olan yeganə təşkilat Respublika Seysmoloji Xidmət Mərkəzidir. Bizimlə əlaqəli işləyən qurumlar da məlumatları mərkəzdən alırlar. Odur ki, zəlzələ ilə bağlı məlumatlar yayarkən yalnız mərkəzə istinad edilməlidir”.





Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar