12px14px16px18px

“Xədicə İsmayılovanın istintaqla bağlı iddiaları tamamilə əsassızdır”

01:27 / 17.05.2012 Jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı ictimaiyyətə yalnız istintaq sirri hesab olunmayan məlumatlar verilib. APA-nın məlumatına görə, bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev deyib. O qeyd edib ki, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə bağlı rəsmi müraciəti Baş Prokurorluğa bu il martın 14-də daxil olub: “ Müraciət dərhal baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb və ərizədə göstərilən məqamların araşdırılması barədə tapşırıq verilib. Martın 15-də isə Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi həyatının toxunulmazlığının pozulması) maddəsi ilə cinayət işi başlanıb və işin istintaqı Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
O. İsayev deyib ki, istintaqın ilk mərhələsində X. İsmayılova nümayəndəsinin iştirakı ilə dindirilib, ona zərərçəkmiş şəxs qismində tanındığı bildirilməklə, hüquq və vəzifələri izah olunub: “Lakin elə istintaqın ilk mərhələlərindən Xədicə İsmayılova istintaqı hədəf seçib. Qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin aparılmasına baxmayaraq, o, qeyri-səmimilik nümayiş etdirib, əsassız bəyanatlarla çıxış eləyib, istintaqla bağlı cəmiyyətdə mənfi rəy yaratmağa çalışıb. Onun iddiaları tamamilə əsassızdır. Yeri gəlmişkən, bu barədə Baş Prokurorluğun mətbuat xidməti də ətraflı məlumat verib. Amma mən bir daha vurğulayıram ki, istintaqın gedişatı ilə bağlı ictimaiyyətə istintaq sirri hesab olunmayan məlumatlar verilib, həmin məlumatlarda hər hansı şəxsin şəxsi və ailə sirri hesab olunan informasiyalar əks etdirilməyib”.
Qeyd edək ki, X. İsmayılova Baş Prokurorluğun onun müraciəti əsasında başlamış cinayət işinin istintaqının gedişi ilə bağlı yaydığı məlumata etirazını bildirib.







Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar