12px14px16px18px

Gövhər Baxşəliyeva: “İranda insan azadlığı və insan hüquqları “islam” pərdəsi altında tapdalanır”

12:16 / 16.05.2012
“Bu gün İranda İslam dəyərlərinə və Qurani-Kərimin tələblərinə yanaşma sırf simvolik xarakter daşıyır.Təəssüf ki, bu ölkədə bəzi dairələr İslam dinindən yalnız öz şəxsi məqsədləri üçün istifadə edirlər”. Bu fikirləri millət vəkili, professor Gövhər Baxşəliyeva dilə gətirib. Millət vəkili bildirib ki, İranda insan azadlığı və insan hüquqları “islam” pərdəsi altında tapdalanır: “21-ci əsrdə qadınları şallaqlayan, daş-qalaq edən, dar ağacından asan dairələr hansı insan hüquqlarından danışır? Ailə, məişət, əxlaq və davranış məsələlərində zorakılıq və haqsızlıq hökm sürür. İran konstitusiyasında insanlara verilmiş yarımçıq hüquqlar belə onların əlindən alınır. Konstitusiyada bərabərlikdən, insan hüquqlarından, insan azadlıqlarından bəhs olunduğu halda, əməldə onlara riayət olunmur. İslam dininin əsasını sülhə, əmin-amanlığa, haqqa, mərhəmətə çağırış təşkil edir. Fəqət indi bunların heç birinə riayət edilmir. İranda yaşayan onlarla xalqa öz dilində yazıb-oxumaq, məktəbə getmək hüququ verən, millətlərin bərabərliyini təsbit edən 15-ci və 19-cu maddələrin icrasına yol verilmir. Allahın verdiyi ana dilində təhsil almaq hüququ hər bir insanın əzəli haqqıdır”. G.Baxşəliyevanın dediyinə görə, özünü Azərbaycanın “dostu” və “din qardaşı” adlandıran İran Azərbaycanın ərazi bütövlüyünü “tanısa” da, İslam Konfransı Təşkilatı və onun Parlament İttifaqında təcavüzkar Ermənistanı qınayan, Azərbaycanın işğal olunmuş ərazilərində müqəddəs islam abidələrinin və məscidlərinin dağıdılmasını pisləyən, üzv dövlətləri işğalçı Ermənistanla bütün əlaqələri kəsməyə çağıran qərar və qətnamələrə səs versə də, həqiqətdə daim Ermənistana hərtərəfli dəstək verir, ərzaqdan tutmuş neft və qaza qədər bütün zəruri tələblərlə təmin edir: “Son 20 ildə bu iki dövlət arasında salınmış körpülər, yollar, tunellər İranın Ermənistana yolladıqlarını mənzil başına tez çatdırmaq üçün təcavüzkar dövlətə mərhəmət və qayğının misalıdır. İranın statistikasında da rəsmən göstərilir ki, İran-Ermənistan ticarət dövriyyəsi ilbəil artır. Ulu öndərimiz Heydər Əliyev vaxtı ilə Şərqi Azərbaycan ostanının valisini qəbul edərkən dediyi sözlər İranın Ermənistana necə dəstək verdiyinə gözəl misaldır. O, Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın “Əgər İran bircə həftə bizə ərzaq göndərməsə İrəvan acından ölər”, – etirafını xatırlatmışdı. Qəribə də olsa, İranın istər İslam inqilabından əvvəl, istərsə də sonra elmi, ictimai fikrində, kütləvi informasiya vasitələrində sovet Azərbaycanı, sonra Azərbaycan Respublikası terminlərini işlətməkdən, demək olar ki, imtina edir, müxtəlif yanlış ifadələrə üstünlük verirlər: Qafqaz, Cənubi Qafqaz, Aran, Arazın Şimalı, Azərbaycan əvəzinə Bakı, azərbaycanlılar əvəzinə müsəlmanlar və s. Millətçi ziyalı iranlılar sanki Azərbaycan Respublikası terminini işlətməməklə müstəqil Azərbaycan dövlətinin mövcud olmadığına özlərini inandırmaq istəyirlər”. Millət vəkili deyib ki, həqiqət isə bundan ibarətdir ki, İran KİV-nin məqalələrində və qərəzli elmi araşdırmalarda “Azərbaycan Respublikası” ifadəsinə qısqanclıqla yanaşılsa da, iranlılar belə bir dövlətin mövcud olduğunu, daim inkişaf etdiyi və qüdrətləndiyini yaxşı bilirlər: “Məhz Azərbaycan Respublikasının artan qüdrəti və nüfuzunu gözü götürməyənlər onun İranla münasibətlərini gərginləşdirmək yolunda hər təxribata əl atırlar”. KAMİL   


Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar