12px14px16px18px

Penitensiar Xidmət ömürlük məhbusların aclıq etdiyini təsdiqlədi

12:12 / 16.05.2012
Penitensiar Xidmət rəsmisi Qobustan qapalı həbsxanasında cəza çəkən bir qrup ömürlük məhbusun aclıq aksiyası keçirdiyini təsdiqləyib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına deyib ki, üç gün əvvəl altı məhbus həbsxanada aclıq aksiyasına başlayıb: “Onlardan üçü aclığı dayandırıb. Hazırda üçü aclığı davam etdir. Bu onların hüquqlarıdır. Saxlanma şəraiti, onlarla davranış məsələsindən hansısa narazılıqları yoxdur. Sadəcə olaraq aclıq aksiyası ilə problemlərinə diqqət cəlb edirlər. Onlar və yaxınları hesab edirlər ki, vaxtilə aldıqları ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə deyil, 15 il həbslə əvəzlənməliydi. Onlar cəzalarına yenidən baxılmasını istəyirlər, vaxtaşırı bunun üçün aclıq aksiyası keçirirlər”. Aclıq aksiyası keçirən məhbusların adlarını açıqlamayan Mehman Sadıqov bildirib ki, onlar Azərbaycanda ölüm hökmü qüvvədə olduğu dövrdə cəzaya məhkum olunan şəxslərdir: “Onların cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib”. Penitensiar Xidmətin rəsmisi deyib ki, aclıq aksiyası keçirənlər digər məhkumlardan təcrid olunublar, ayrıca kameralarda saxlanılırlar. Onun sözlərinə görə, aclıq edən məhkumların səhhətinə həkimlər nəzarət edir: “Əməkdaşlarımız da onlara nəzarət edirlər. Əgər aclıq edənlərin səhhətində hər hansı problem yaransa, mütləq həkim müdaxiləsi olacaq, onlar məcburi qidalandırılacaq. Qanunvericilikdə bu məsələ nəzərdə tutulub. Hazırda hər hansı problemləri yoxdur. Əgər hüquq müdafiəçiləri müraciət etsələr, aclıq edənlərə baş çəkmələrinə, Qobustanda monitorinq aparmalarına şərait yaradıla bilər. Bu həmişə belə olub”. Mehman Sadıqovun sözlərinə görə, Penitensiar Xidmət aclıq edən məhkumların irəli sürdükləri tələbləri hüquqi baxımdan yerinə yetirmək imkanında deyil: “Biz cəzaların icrası ilə məşğul oluruq. Penitensiar Xidmət cəza müddəti, cəzanın növünün dəyişdirilməsi barədə qərar verə bilməz, biz buna cavabdeh deyilik”.



Bu yazı ( 48 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar