12px14px16px18px

İlham Əliyev təbrik etdi

AZƏRBAYCANIN DÖVLƏT BAŞÇISI RUSİYANIN YENİ PREZİDENTİNİ ÖLKƏMİZƏ DƏVƏT ETDİ

07:21 / 06.03.2012
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada keçirilən prezident seçkilərində qalib gələn Vladimir Putinə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir. Ölkələrimiz arasında çoxəsrlik xoş ənənələrə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcək. Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Dost Rusiyanın tərəqqisi naminə dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm!”
Qeyd edək ki, Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının baş naziri Vladimir Putinə zənd edib. Prezidentin mətbuat xidmətindən verilən xəbərə görə, İ. Əliyev V. Putini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edərək ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb. V. Putin təbrikə və diqqətə görə prezident İ. Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik vurğulanıb.
İ. Əliyev V. Putini onun üçün münasib bir vaxtda Azərbaycana səfərə dəvət edib.





Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar