12px14px16px18px

Ümumrusiya Azərbaycan Konqresi Putinə dəstək aksiyası keçirdi

AKSİYADA RUSİYANIN TANINMIŞ AZƏRBAYCANLI İŞ ADAMLARI ARAZ AĞALAROV, TELMAN İSMAYILOV, FƏRHAD ƏHMƏDOV, İSGƏNDƏR XƏLİLOV VƏ AZƏRBAYCAN BAŞ NAZİRİNİN SABİQ MÜAVİNİ ABBAS ABBASOV DA İŞTİRAK EDİB

02:06 / 03.03.2012
Moskvada Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək konserti keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Lujniki” idman konsert kompleksində keçirilən konsertə Rusiyanın tanınmış azərbaycanlı iş adamları – Araz Ağalarov, Telman İsmayılov və oğlanları Ələkbər və Sərxan İsmayılovlar, Fərhad Əhmədov, İsgəndər Xəlilov və Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov qatılıblar. Tədbirdə Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratov, İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman, Rusiya Dövlət Dumasının deputatı Ramzan Abdüllatifov və Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. V. Putinə dəstək konserti “Rusiyada azərbaycanlılar Vladimir Putini seçir” şüarı altında keçirilib. Konsertdə Rusiyanın estrada ulduzları, SSSR xalq artisti İosif Kabzon, Dmitriy Malikov, “Respublika” qrupu, “Bolşoy teatr”ın solistləri Elçin Əzizov və Dinara Əliyeva, “Fabrika”, “Slivki”, “Nepara”, “Lazurnlıy bereq” qrupları, Aleksey Çumakov, “Eurovision 2011”in qalibləri Nigar Camal və Eldar Qasımov, “Eurovision 2010”un iştirakçısı Safura Əlizadə və Aygün Kazımova çıxış ediblər. Üç min tamaşaçının iştirak etdiyi konsertdə “Rusiyada azərbaycanlılar Vladimir Putini seçir”, ”Rusiyanın bütün azərbaycanlıları – Putin üçün birləşin!”, “Rusiya azərbaycanlıları Vladimir Putinin milli siyasətinin tərəfdarıdır” şüarları səsləndirilib. ÜAK İdarə Heyətinin üzvü Abbas Abbasov çıxışında Rusiya-Azərbaycan münasibətlərindən danışıb: “Vladimir Putin 2000-ci ildə prezident seçiləndən sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoydu. Hal-hazırda iki dövlət arasında mövcud olan münasibətlərin əsası həmin vaxtdan qoyulub. Bu gün hər iki dövlət arasında dostluq münasibətləri var”. A. Abbasov Rusiyada yaşayan azərbaycanlıların Vladimir Putini dəstəkləyəcəyini söyləyib. Qeyd edək ki, martın 4-də Rusiyada prezident seçkiləri keçiriləcək. Seçkilərdə hazırkı baş nazir Vladimir Putin, kommunistlərin lideri Gennadi Zyuqanov, liberal demokrat Vladimir Jirinovski, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov və iş adamı, milyarder Mixail Proxorov mübarizə aparırlar.


Bu yazı ( 172 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar