12px14px16px18px

Azərbaycanla Avropa Birliyi arasında viza danışıqları başladı xarici işlƏr nazirinin müavini mahmud mƏmmƏdquliyev:

“VIZA REJIMININ SADƏLƏŞDIRILMƏSI VƏ READMISSIYA BARƏDƏ RAZILIQ AZƏRBAYCANIN AVROPA BIRLIYINƏ INTEQRASIYASINA KÖMƏK EDƏCƏK”

14:51 / 02.03.2012
Dünən Bakıda Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqlar başlayıb. APA-nın xəbərinə görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, danışıqların başlanması münasibətlərdə vacib addımdır: “Viza rejiminin sadələşdirilməsi və readmissiya barədə razılıq Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına kömək edəcək. İstərdik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycanın daha çox vətəndaşını əhatə etsin. Eyni zamanda diqqətə almaq lazımdır ki, bu razılaşmaların imzalanması və ratifikasiyası məsələnin yalnız bir tərəfidir. Bu razılaşmaların həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi zəruridir”.
M.Məmmədquliyev bildirib ki, viza rejiminin sadələşdirilməsi ilə əlaqədar sərhəd xidmətində qanunsuz miqrasiya ilə mübarizə və digər məsələlərlə bağlı müəyyən iş aparılmalıdır.
AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə ötən illər ərzində siyasi, sosial, iqtisadi və enerji sahələrində AB-Azərbaycan münasibətlərinin möhkəmləndiyini söyləyib: “Danışıqlar prosesi yəqin ki, müəyyən müddət davam edəcək. Lakin hesab edirəm ki, əldə olunacaq nəticələr münasibətlərin dərinləşdirilməsinə gətirib çıxaracaq”.
İclas vizanın sadələşdirilməsi və readmissiya üzrə iki paralel qrupda davam etdirilib.
Qeyd edək ki, 2011-ci il dekabrın 20-də Avropa Birliyi Nazirlər Şurası Azərbaycanla danışıqlara başlamaq üçün mandat verib. Viza rejiminin sadələşdirilməsi vizaların ləğvi anlamına gəlmir. Bu proses bir sıra kateqoriyalara aid olan insanlar üçün rüsumun azaldılması və daha az sənəd tələb olunmasını ehtiva edir.




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar