12px14px16px18px

“Hacəttəpə Universitetindəki tədbirdə təxribat olacağını proqnozlaşdırmışdıq”

“TƏXRİBATI TÜRKİYƏ DAXİLİNDƏ AZƏRBAYCANI SEVMƏYƏN, QEYRİ-STABİLLİK TƏRƏFDARLARI, ERMƏNİLƏRLƏ ƏLBİR OLAN QÜVVƏLƏR TÖRƏDİB”

14:45 / 02.03.2012
“Biz Azərbaycanın Türkiyədəki səfirliyi olaraq Hacəttəpə Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 28-də təşkil olunacaq tədbirdə təxribat yaşanacağını proqnozlaşdırmışdıq. Ona görə də səfirlik olaraq tələbələrimizə xəbərdarlıq etmişdik ki, həmin tədbirə getməsinlər. Lakin bizim xəbərdarlığımızı dinləməyərək tədbirə gedənlər oldu”. Bu açıqlamanı APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov verib.
O, Türkiyə səfirliyinin dəstəyi ilə Hacəttəpə Universitetində Xocalı soyqırımı ilə bağlı tədbirin fevralın 24-də keçirildiyini, fevralın 28-də baş tutan tədbirin təşkilatçılarının isə türk tələbələr olduğunu bildirib: “Hacəttəpə Universitetində baş verənlərlə bağlı şişirdiləcək bir şey yoxdur. Yalnız bir tələbəmizin burnu qanayıb. Bu yüngül yaralanma da zərbə nəticəsində yox, tələbənin özünün yıxılması nəticəsində baş verib”.
E.Salmanov fevralın 29-da Ankara Universitetində baş verənlərin də şişirdilməsinə ehtiyac olmadığını bildirib: “Ümumiyyətlə bütün bunlar bizim “Taksim” meydanında izdihamla, səs-küy yaradan, müvəffəqiyyətlə keçirilən mitinqimizə kölgə salınması xarakteri daşıyır.
Biz bu mitinqlə Türkiyəni demək olar ki, silkələdik”.
Səfirlik rəsmisi Hacəttəpə və Ankara universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında ali məktəbdən xaric edilənlərin olmadığını bildirib. Onun sözlərinə görə, təxribat iştirakçısı olan tələbələr arasında isə qovulanlar var: “Təxribatçıların bəziləri tələbələr, bir qismi isə universitet xaricindən gələnlər olub”.
Təxribatçıların kimlər olması barədə suala cavabında isə E. Salmanov belə cavab verib: “Bunlar Türkiyə daxilində Azərbaycanı sevməyən, qeyri-stabillik tərəfdarları, Azərbaycanın düşməni olan ermənilərlə əlbir olan qüvvələrdir”.
Qeyd edək ki, fevralın 28-də Hacəttəpə Universitetində, fevralın 29-da isə Ankara Universitetində kürd və erməni mənşəli tələbələr azərbaycanlı tələbələrə qarşı təxribat törədib. Nəticədə qarşıdurma yaranıb.




Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar