12px14px16px18px

“Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili” mövzusunda seminar keçirilib

00:52 / 25.05.2012
Mərkəzi Bankın nağd pul bloku tərəfindən kommersiya banklarının nağd pul sahəsində çalışan rəhbər işçiləri, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə “Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili” mövzusunda seminar keçirilib. Bankdan verilən məlumata görə, seminarda saxta pul çapına qarşı mübarizə, pul nişanlarının mühafizə fəlsəfəsi, nağd pulla əməliyyatlarda risklərin tənzimlənməsi, iqtisadiyyatın nağd pula olan tələbatının ödənilməsində Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və digər mövzularda təqdimat və məruzələr edilib. Seminarı giriş sözü ilə açan Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb: “Lakin müasir dövrdə kompüter və sürətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyaların digər sahələrdə də istifadə olunması Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial riskləri artırır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini tələb edir”. Daha sonra Mərkəzi Bankın Ekspertiza şöbəsinin rəisi Z.Yusifov “Pul nişanlarının ekspertizasının təşkili”, Mərkəzi Bankın Xəzinə departamentinin direktoru F.Ələkbərov “Kommersiya bankları ilə nağd pulla əməliyyatlarda potensial risklər və onların aradan qaldırılması” və Mərkəzi Bankın Nağd pul departamentinin direktor müavini H.Məsimov “Pul nişanlarının evalyusiyası: Nağd pul dövriyyəsində Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət” mövzularında təqdimatla çıxış ediblər. Görüşün sonunda A.Vəliyev kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bank əməkdaşlarının maarifləndirilməsi zəruriliyini və bu sahədə Mərkəzi Bank tərəfindən davamlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib. BƏXTİYAR


Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar