12px14px16px18px

Sabunçuda uşaq sosial-psixoloji reabilitasiya istifadəyə verilib

00:50 / 25.05.2012
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardın iştirakı ilə Bakının Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin açılışı olub. Tədbirdə nazir F.Ələkbərov səmərəli sosial müdafiə, o cümlədən sosial xidmətlər sisteminin qurulmasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə nazirlik tərəfindən xüsusi önəm verildiyini bildirib. Bu əməkdaşlığın yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası, onlara sosial, hüquqi və psixoloji dəstək göstərilməsi sahəsini də əhatə etdiyini deyən nazir bildirib ki, əldə olunan müsbət təcrübə bu istiqamətdə işləri daha geniş vüsətlə davam etdirməyə əsas yaradır: “Nazirlik sosial xidmətlər sahəsində prioritetləri müəyyən etsə də, bu sahədə ixtisaslaşmış QHT-lərdən təkliflər gözləyir və vətəndaş cəmiyyətlərinin hər bir səmərəli təklifi müsbət qarşılanaraq dəstəklənir. Hətta sosial xidmətlər sahəsi ilə bağlı ixtisaslaşmış QHT-lərin bir müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur ki, burada əsas məqsəd daha keyfiyyətli və səmərəli sosial xidmət göstərmək potensialı və təcrübəsi olan QHT-ləri müəyyən edərək onlarla əməkdaşlıq etməkdir. Sabunçu rayon ƏSMM-nin inzibati binasında belə xidmətlərə yer ayrılıb. Hazırda 35 rayon və şəhər ƏSMM-ləri belə müasir tələblərə uyğun iş şəraiti olan inzibati binalarla təmin olunub və bu proses davam etdirilir. Təbii ki, gələcəkdə həmin mərkəzlərin inzibati binalarında da QHT-lər tərəfindən belə xidmətlərin göstərilməsi üçün yer ayrılması, bununla da qeyd olunan xidmətlərin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi üçün müvafiq işlər görüləcəkdir”. Jurnalistlərə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov bildirib ki, Azərbaycan hökuməti və BMT-nin Uşaq Fondu arasında uşaqların müdafiəsi sahəsində əməkdaşlığın nəticəsi kimi, hələ 2007-ci ildə Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi və Uşaq Hüquqları Klinikası, 2010-cu ildə isə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətə başlayıb. Bu təşkilatlar yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası, onların ailələri ilə sosial reabilitasiya işi, hüquq pozuntusu törətmiş uşaqların sosial-psixoloji reabilitasiyası istiqamətində fəaliyyət göstərirlər: “Həmçinin problemlə üzləşmiş hər bir uşağa psixoloji yardım göstərilir, onların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər verilir, müvafiq müraciətlərin lazımi xidmətlər üzrə yönləndirilməsi təmin olunur. QHT-lərlə birgə uğurla sınaqdan keçirilmiş sosial reabilitasiya təcrübəsinin gələcəkdə Nazirliyin nəzdində yaradılacaq reabilitasiya mərkəzlərində istifadəsi, habelə belə mərkəzlərin fəaliyyətinin müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əlaqəli şəraitdə təşkili və bunun dövlət tərəfindən davamlı olaraq dəstəklənməsi nəzərdə tutulur”.
BƏXTİYAR


Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar