12px14px16px18px

Şəmkirdə regional konfrans keçirilib

00:29 / 23.05.2012
Dünən Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Nazirliyin yaydığı məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, Gəncə-Qazax regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu bildirib. Qeyd edilib ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir. Nazir müavini aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. N.Səfərovun sözlərinə görə, aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan geniş istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabət qabiliyyətinin artırılmasına, məhsul istahsalının genişləndirilməsinə imkan yaradır. Hazırda ölkəmiz bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edə bilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib, Şəmkir rayonunda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
İİN-nin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi Camal Məmmədov ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düşünülmüş iqtisadi siyasət nəticəsində regionların investisiya potensialının artdığını bildirib, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıblar. Çıxış edənlər kənd təsərrüfatı məhsullarının istehsalında rəqabətqabiliyyətliliyin artırılması, yeli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib, kənd-təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
İİN-nin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev elmi-tədqiqatların nəticələrindən istifadə etməklə innovasiyalı sahibkarlığın inkişafı və Gəncə-Qazax iqtisadi rayonunun potensialı barədə məlumat verib, ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə aqrar-sənaye kompleksinin sürətli inkişafının təmin edilməsində elmi araşdırmaların, elmin qabaqcıl nailiyyətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması üçün elmi-tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsi xüsusi önəm kəsb edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
BƏXTİYAR



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar