12px14px16px18px

Məcburi köçkünlərin kənd təsərrüfatı bacarıqlarının artırılmasına həsr olunan tədbir keçirilib

İSMƏT ABASOV: “LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ 3200-DƏN ÇOX AİLƏNİN İQTİSADİ VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI ÜÇÜN MÜNBİT ŞƏRAİT YARADILIB”

01:10 / 18.05.2012
Dünən kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf Layihəsi”nin yekununa həsr olunan seminarda iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir İ.Abasov FAO-nun mövcud layihəsinin son seminarında iştirakına görə minnətdarlığını bildirib. O, qeyd edib ki, 2004-cü ildə Azərbaycan hökumətinin müraciəti ilə FAO tərəfindən hazırlanmasına başlanılan bu layihənin birinci mərhələsi uğurla həyata keçirilib və əldə olunan mütərəqqi nailiyyətlər layihənin hazırda ikinci fazasının başlanmasına şərait yaradıb: “Layihənin prioritetliyini yüksək qiymətləndirən Azərbaycan hökuməti bu layihənin bir hissəsinin maliyyələşdirməyi öz öhdəsinə götürüb, daha sonra FAO ilə göstərilən birgə səylər nəticəsində İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyi layihənin maliyyələşməsində donorluq etməyə razılıq verib. Biz bu əməkdaşlığa görə, İsveçrə Hökumətinə minnətdarlığımızı bildiririk, eyni zamanda, layihənin uğurla həyata keçirilməsinə görə FAO-nun fəaliyyətini yüksək qiymətləndiririk”. Nazir bildirib ki, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı, əhali üçün tam təhlükəsiz və sağlam ərzaq məhsullarının istehsalı, keyfiyyətli ərzaq məhsulları ilə əhalinin təmin olunması Azərbaycanın vacib iqtisadi siyasətlərindən biridir. İ.Abasov son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sektora göstərilən dəstək və onun tərəfindən imzalanmış müxtəlif dövlət proqramlarının ölkəmizin aqrar sektorunun inkişaf etdirilməsinə geniş imkanlar açdığını vurğulayıb. O, öz çıxışında torpağın becərilməsində, müasir istehsal texnologiyalarindan istifadə, bazara çıxış və maliyyə resurslarının əldə olunmasında məcburi köçkün və yerli fermerlərə dəstək olmaq üçün layihənin 14 qəsəbə və 7 kənddə fəaliyyət göstərərək, 3200-dən çox ailənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradıldığını diqqətə çatdırıb: “Layihənin möhkəmləndirmə mərhələsinin əsas vəzifələrindən biri də daha çox əhalinin layihədən bəhrələnməsini təmin etməklə gəlirliliyin davamlı olması üçün zəmin yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində biznes inkişaf xidməti təchizatçıları ilə birgə 45 aparıcı fermer müəyyən edilib, 925 nəfərdən ibarət 45 fermer sahə məktəbi və təxminən 220 üzvü olan 82 fermer əsaslı təşkilatlar, daha sonra isə 120 nəfərdən ibarət 16 fermer biznes məktəbi yaradılıb. Ötən dövrdə layihə çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən Bakıda “Azərbaycanda məcburi köçkün və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması-FAO təcrübəsinin ölkənin digər regionlarında da təkrarlanma imkanları” mövzusuna həsr olunan konfrans keçirilib. Əminəm ki, gələcəkdə belə layihələrin hazırlanması və reallaşması sahəsində əməkdaşlıq əlaqələrinin davam etməsinə və genişlənməsinə imkanları yaradılacaq”. BƏXTİYAR




Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar