12px14px16px18px

“Azərpoçt” zəlzələ bölgəsində monitorinqlər keçirib

01:08 / 18.05.2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” şirkəti Zaqatalada baş verən zəlzələ nəticəsində region poçt filiallarının poçt şöbələrinə dəyən ziyanı dəqiqləşdirmək üçün monitorinqlər keçirib. Nazirlikdən verilən məlumata görə, müəssisənin əməkdaşları tərəfindən bölgədə aparılan araşdırma nəticəsində məlum olub ki, Zaqatala poçt filialının Gözbarax poçt şöbəsinin yerləşdiyi kənd ərazi icra nümayəndəliyinin 2 mərtəbəli binasında çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin göstərişi əsasında binaya işçilərin girişi qadağan olunub. Poçt şöbəsi müvəqqəti olaraq çadırda fəaliyyətini davam etdirir. Rayonun Yuxarı Çardaxlar poçt şöbəsinin yerləşdiyi Kooperativlər İttifaqının binası isə əvvəlcədən də qəzalı vəziyyətdə olub və təbii fəlakət nəticəsində daha da acınacaqlı vəziyyətə düşüb. Poçt şöbəsi müvəqqəti olaraq kənd bələdiyyəsinə aid binada ayrılmış bir otaqda yerləşdirilib. Qımır poçt şöbəsi isə 1997-ci ildə yerli sakinlər tərəfindən çay daşlarından tikilmiş binada zəlzələdən sonra daxildən çatlar əmələ gəlib, fasad hissəsində daşların sökülməsi müşahidə olunub. Əliabad poçt şöbəsi kənd bələdiyyəsinə məxsus qədim binada 20 kv. metr sahədə fəaliyyət göstərir. Binanın arxa divarlarında çatlar əmələ gəlib. Şəhər 1, Şəhər 2 və Muxax poçt şöbələri 2008-2009-cu illərdə yeni tikilmiş binalarda fəaliyyət göstərir. Zəlzələdən sonra daxildə arakəsmə divarlarda çatlar əmələ gəlib. Xarici divarlarda güclü çatlar müşahidə olunmayıb. Bundan başqa, müəssisənin nümayəndələri Qax və Balakən rayonlarında da olub. Burada poçt rabitəsi binalarına o qədər də ziyan dəymədiyi müşahidə olunub. Baş İdarədən bölgəyə ezam olunan rəhbər şəxslər yerli poçt işçiləri ilə görüşlər keçirib. Poçtun gündəlik işi, göndərişlərin çatdırılma tezliyi, mübadiləsi sahəsində konkret tapşırıqlar verilib. Hazırda bölgədə poçt rabitəsinin işi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çadırlarda məskunlaşan sakinlərə bütün poçt xidmətlərinin göstərilməsi, göndərişlərin vaxtında çatdırılması, mübadiləsi diqqət mərkəzindədir. BƏXTİYAR


Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar