12px14px16px18px

"Azərbaycan Təbiət Aləmi" zooloji parkı layihəsinin təqdimatı keçirilib

HİKMƏT ƏLİZADƏ: “BU ZOOLOJİ PARK CƏNUBİ QAFQAZDA YEGANƏ OLACAQ"

12:20 / 12.05.2012
Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron ərazisində salınması nəzərdə tutulan "Azərbaycan Təbiət Aləmi" zooloji parkı layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, yeni zooloji parkda 224 fərqli cins və 1518 heyvan yerləşdiriləcək. Onun sözlərinə görə, heyvanlar müxtəlif qitələrə məxsus landşaftlarda yerləşdiriləcək, parkda hər iqlimə uyğun təbii şərait yaradılacaq: "Azərbaycanda salınacaq zooloji park bir çox dünyadakı məhşur parklardan yaxşı mənada fərqlənəcək". Eyni zamanda bu zooloji park ərazisi və heyvanlarının müxtəlifliyinə görə Cənubi Qafqazda yeganə olacaq".
H.Əlizadə bildirib ki, ilkin mərhələdə Qumyataq gölü ətrafında salınması planlaşdırılan zooloji parkda 4,5 hektar ərazidə heyvanlar üçün sığınacaqlar salınacaq. Onun dediyinə görə, bu ərazinin layihəsi tam hazırdır və qiymətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə təqdim edilib: "Layihə təsdiqləndikdən sonra tikintiyə başlanacaq. Bu sığınacaqlar hazır olduqdan sonra isə Bakı Heyvanat Parkında olan heyvanlar bura köçürüləcək. Amma bütövlükdə zooloji parkın tikintisi ikinci mərhələdə baştutacaq və ilin sonuna bu işə başlanması nəzərdə tutulub. Ümumilikdə isə tikinti 3 il davam edəcəyi planlaşdırılıb".
H.Əlizadə deyib ki, parkda istər heyvanların saxlanması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam müasir standartlara uyğun hazırlanacaq. "Layihəyə görə, zooloji parkın ərazisi 55 hektar təşkil edəcək. Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulsa da sonradan həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif olunub".
Zooloji parkın salınması layihə dizayn işlərini hazırlayan Türkiyə-Almaniya birgə müəssisəsi olan "Ekodenge" şirkətinin təmsilçisi, layihə koordinatoru Yavuz Yöntəm layihə barədə məlumat verib. Onun sözlərinə görə, zooloji park layihəsi həyata keçdikdən sonra universitetlər, elmi mərkəzlərlə əlaqə quraraq təkcə əyləncə məkanı deyil, eyni zamanda uşaqların təbiət şüurunun inkişaf etdiriləcəyi bir təhsil, araşdırma və qoruma mərkəzi olaraq xidmət etməsi nəzərdə tutulub: "Azərbaycan təbii həyatının bu parkda yaşadılması, parkın ən qısa müddətdə ölkədəki milli parklara inteqrasiya olaraq ekoturizmin bir parçası olması da məqsədlər sırasındadır. Parkın salındığı ərazi paytaxta yaxındır, eləcə də buranı əlverişli edəcək məqam isə yaxınlıqdan dəmiryolu xəttinin keçməsidir. Qeyd edim ki, burada əsas etibarı ilə Qafqaz, Afrika, Cənubi və Şimali Amerika, Avstraliya heyvan və bitki növləri sərgilənəcək. Azərbaycanın dünyadakı 9 iqlim qurşağından 7-ə sahib olması zooloji park üçün üstünlük təşkil edir".



Bu yazı ( 138 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar