12px14px16px18px

10 rayonun 15 kənd və qəsəbəsi qazla təmin edilib

12:17 / 12.05.2012
Şamaxı, Masallı, Ağsu, Göygöl, Ağcabədi, Balakən, Beyləqan, Füzuli, Ağdam və İmişli rayonlarının bir neçə kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin, yerli rayon icra hakimiyyətlərinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak edib. "Azəriqaz" İB-dən verilən məlumata görə, Şamaxı rayonunun Qızmeydan, Əhmədli və Hacılı kəndlərinə təbii qaz verilməsi ilə əlaqədar təşkil olunan tədbirdə bildirilib ki, həmin kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22386,5 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Qızmeydan kəndinin 160, Əhmədli kəndinin 90, Hacılı kəndinin isə 60 abonentinin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Masallı rayonunun Gəyəçöl kəndinə təbii qazın verilməsi münasibəti ilə keçirilən toplantıda qeyd edilib ki, 785 abonenti olan kəndin qaz təchizatının bərpası məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 40,349 metr olan müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 785 ədəd sayğac quraşdırılıb.
Ağsu rayonunun Qaravəlli və Bəyimli kəndlərinin də qaz təchizatı bərpa olunub. Birpilləli sistem əsasında 60 abonenti olan Qaravəlli kəndinin qazla təmin olunması üçün 7100,6 metr, 63 abonenti olan Bəyimli kəndinin "mavi yanacaq"la təmin olunması üçün isə 4988 metr polietilen boru xətti çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Göygöl rayonunda məcburi köçkünlər üçün salınmış Murovdağ qəsəbəsinin qazlaşdırılması üçün isə polad borularla ümumi uzunluğu 17425 metr qaz xətti çəkilib, 300 abonentin mənzilinə sayğac quraşdırılıb.
Balakən rayonunun Püştətala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 40000 metrə yaxın polietilen borularla qaz xətti çəkilib, 502 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Beyləqan rayonunun Tatallar kəndinin qazlaşdırılması üçün isə 13815 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 9 ədəd siyirtmə, 380 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Cəbhəyanı bölgələrdə də təbii qazın verilişi münasibəti ilə tədbirlər keçirilib. Füzuli rayonunun Alxanlı kəndinə təbii qazın verilməsi üçün 56201 metr uzunluğunda müxtəlif dametrli polietilen borularla qaz xətti çəkilmiş, 354 abonentinin mənzilinə qaz tənzimləyici və sayğac quraşdırılıb.
Ağdam rayonunun Xındırıstan-Dadaşlı kəndlərinin qaz təchizatının bərpası, eləcə də I-ci Baharlı və II Baharlı qəsəbələrinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. 231 abonenti olan Xındırıstan-Dadaşlı kəndlərinə 10640 metr, 501 abonenti olan I-ci Baharlı və 337 abonenti olan II Baharlı qəsəbələrinə isə ümumilikdə 25454 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bundan başqa, İmişli rayonunun Yalavac kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Kəndinin qazlaşdırılması məqsədilə 21000 metrə yaxın polietilen borularla qaz xətti çəkilmiş, 55 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edənlər kəndlərin təbii qazla təchiz olunmasına görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.



Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar