12px14px16px18px

Zaqatalada zəlzələdən zərərçəkənlərə reanimobillər göndərilib

01:13 / 11.05.2012
Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranıb. Bu gərginliyin aradan qaldırılması, eləcə də zəlzələdən zərərçəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunublar. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təbii fəlakət baş verdiyi andan etibarən Səhiyyə Nazirliyinin Zaqatala rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri zərərçəkmişlərə vaxtında lazımi tibbi yardım göstərib, müxtəlif xəsarətlərlə müraciət etmiş 50-ə yaxın yerli sakinə ambulator tibbi yardım olunub. 1 nəfər isə üz-çənə sınığı diaqnozu ilə dərhal hospitalizə edilib. Səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında hadisə yerinə mütəxəssislərlə yanaşı, içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşın göndərilib. Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində çadırlar qurulmuş və orada da müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədi ilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir. Zəlzələ zamanı xüsusi zərərdəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulub və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilib. Həkimlərimizin səyi və zəhməti nəticəsində yaralıların vəziyyəti qənaətbəxşdir, ölüm halları qeydə alınmayıb. BƏXTİYAR


Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar