12px14px16px18px

AİB-nin Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı Bakıda keçiriləcək

SAMİR ŞƏRİFOV: “SON 8 İL ƏRZİNDƏ AZƏRBAYCAN İQTİSADİYYATI SÜRƏTLƏ İNKİŞAF EDƏRƏK 3 DƏFƏ REAL ARTIMA NAİL OLUB”

11:42 / 08.05.2012


Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 45-ci İllik Toplantısı keçirilib. Toplantının açılış mərasimində Filippin Respublikasının prezidenti Benino Akino və AİB-nin prezidenti Haruhiko Kuroda çıxış edib. Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlərə toxunan çıxışçılar yoxsulluğun aradan qaldırlması istiqamətində atılan addımlardan bəhs ediblər. H.Kuroda 2011-ci ildə görülən işlər barədə hesabat verərək, Bankın inkişaf yönümlü region ölkələrin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonrakı müzakirələrdə Bankın 2011-cu il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2012-ci il üçün büdcənin təsdiqi, xalis gəlirlərin müəyyən olunması, bankın tətbiq etdiyi qaydaların və tənzimləyici normaların nəzərdən keçirilməsi, Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, xüsusilə yoxsulluğun aradan qaldırılması, 2015-ci ildə keçiriləcək Rəhbərlər Şurasının 48-cü İllik Toplantısının tarixi və yerinin müəyyənləşdirilməsi və digər təşkilatı məsələlər ətarfında müzakirələr aparılıb.
Toplantıda Asiya regionunun inkişafyönümlü üzv ölkələri ilə yanaşı, səhmdar qeyri region ölkələri- Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka və digər ölkələrin nümayəndə heyətləri də iştirak edib.
Bankın 67 üzv ölkəsini təmsil edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bank tərəfindən 2011-ci ildə görülən işləri yüksək qiymətləndirərək, inkişaf etməkdə olan ölkələrə bundan sonra da inkişaf yönümlü kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycanı toplantıda maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. S.Şərifov Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. O, qeyd edib ki, son 8 il ərzində Azərbaycan iqtisadiyyatı presedenti olmayan sürətlə inkişaf edərək 3 dəfə real artıma nail olub, bununla bərabər neft gəlirlərinin səmərəli istifadə edilməsi hesabına ölkədə həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində bir çox nailiyyətlər qazanılıb: “O cümlədən yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə enib, əhalinin təbii artımı bərpa olunub, ölkə əhalisinin orta yaş həddi yüksəlib, göstərilən bir çox sosial və kommunal xidmətlərin həcmi artırılaraq onlara çıxış imkanı sadələşdirilib. Bundan başqa Prezident İlham Əliyev növbəti 10 ildə əsasən qeyri-neft sektorunun üstün şəkildə sürətli inkişaf etməsi hesabına ÜDM-in 2 dəfə artırılmasını hökumət qarşısında əsas vəzifə kimi qoyub”.
S.Şərifov Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) bundan sonra da Bankın Rəhbərlər Şurası tərəfindən fəal şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, bu proqram çərçivəsində Çin, Pakistan və Mərkəzi Asiya dövlətlərindən malların Azərbaycan ərazisi üzərindən nəql edilməklə Türkiyə və Cənubi Avropa bazarlarına çatdırılması istiqamətində işlər görülməlidir. Nazir qeyd olunan nəqliyyat koridorunun inkişaf etdirilməsi işlərinə Azərbaycan dövləti tərəfindən təxminən 6 milyard ABŞ dolları məbləğində vəsaitin səfərbər etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb: “Bu vəsait Xəzər dənizində ən iri ticarət limanının tikilməsinə, quru yük daşımaları üçün gəmilərin və dəmiryolu bərələrinin, neft məhsullarının daşınması üçün isə dəniz tankerlərinin alınmasına, Azərbaycanla Gürcüstanı birləşdirən magistral avtomobil yolunun 4 zolağadək genişləndirilərək yenidən qurulmasına, eyni zamanda dəmiryolunun yenidən tikilməsinə, habelə Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanla Türkiyəni birləşdirən yeni dəmiryolunun çəkilməsi üçün Gürcüstan hökumətinə güzəştli kreditin təmin olunmasına yönəldilməsi nəzərdə tutulub”.
S.Şərifov həmçinin AİB-nın Rəhbərlər Şurasının 2015-ci ildə keçiriləcək 48-ci İllik Toplantısına Azərbaycanın ev sahibliyi etmək niyyətini Rəhbərlər Şurasının üzvlərinin diqqətinə çatdırıb.
Müzakirələrin yekunu olaraq bir sıra qərarlar, o cümlədən Bankın Asiya İnkişaf Fonduna donor ölkələr tərəfindən əlavə kapital ayrılması barədə qərar qəbul olunub. Həmçinin, Bankın Rəhbərlər Şurası Azərbaycan tərəfinin müraciətinə baxaraq AİB-nin Rəhbərlər Şurasının 2015-ci ildə keçiriləcək 48-ci İllik Toplantısına Bakı şəhərinin ev sahibliyi etməsinə dair yekdilliklə qərar qəbul edib.
Xatırladaq ki, toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. AİB-nin prezidenti Haruhiko Kuroda ilə keçirilən görüşlərdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, AİB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırki icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
H.Kuroda Azərbaycanın son illər davamlı olaraq əldə etdiyi yuksək iqtisadi göstəriciləri təqdirəlayiq hesab edərək AİB-nin bundan sonra da Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına yönələn səylərini dəstəkləyəcəyini vurğulayıb.
S.Şərifov həmçinin AİB-nin baş katibi Robert Douson, baş direktor Klaus Gerhausser və icraçı direktor Fil Boven, o cümlədən Yaponiyanın JİCA şirkətinin vitse-prezidenti X.Kodera ilə ayrı-ayrılıqda görüşlər keçirib.
BƏXTİYAR







Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar