12px14px16px18px

Hacıqabul-Qazax magistral qaz kəməri yenidən qurulur

12:24 / 05.05.2012
“Azəriqaz” İstehsalat Birliyi (İB) respublikanın qərb zonasının qazla təminatında böyük əhəmiyyətə malik Hacıqabul-Qazax magistral qaz kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə kəmərin 65-69-cu km sahəsində yenidənqurma işlərinə başlayıb. Birlikdən verilən məlumata görə, uzunlugu 378,4 km, diametri 1220/1020 mm olan və 1979-cu ildə istifadəyə verilmiş bu kəmər vasitəsi ilə hazırda Mingəçevir elektrik stansiyası qazla təmin olunur. Buradan həmçinin Gürcüstana sutkada 2,5-4,5 mln. m3 təbii qaz ixrac olunur.
Kəmərin təmiri “Azəriqaz” İB-nin sifarişi ilə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən aparılır. Çətin hava şəraitində belə böyük əzmlə işləyən fəhlə və qulluqçuların səyləri nəticəsində yenidən qurulması nəzərdə tutulan 4,7 km-lik kəmərin 4 km-i inşa olunub, möhkəmlik və kipliyi yoxlanılıb. Kəmərin 65-69-cu km arası sahəsində yenidənqurma işlərinin may ayının 15-dək başa çatdırılması planlaşdırılır.
Onu da qeyd etmək lazımdır ki, Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin mühəndis-texniki işçiləri tərəfindən kəmərin 75-ci kilometrində yeni 1200 mm-lik xətti kran quraşdırılması ilə bağlı təmir-bərpa işləri qrafiki qabaqlamaqla həyata keçirilib.
Eyni zamanda Hacıqabul-Qazax magistral kəmərinin 283-cü km-də 1020 mm diametrli istismara yararsız xətti kran dəyişdirilib ki, bu da qaz itkilərinin azaldılması istiqamətində mühüm addımdır.
Hazırda 500 mm-lik Azadkənd-İmişli qaz xəttinin 14 km-nin yenidən qurularaq istismara verilməsi ilə bağlı son işlər aparılır.



Bu yazı ( 166 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar