12px14px16px18px

“İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində” mövzusunda tədbir keçirilib

00:57 / 04.05.2012

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) “İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində” mövzusunda tədbir keçirilib. Komitədən verilən məlumata görə, tədbirdə çıxış edən Qərib Məmmədov bildirib ki, son vaxtlar ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyü, tarixi, coğrafi adları təhrif olunmaqla, təxribat xarakterli xəritə, atlas və digər materiallar kütləvi informasiya vasitələrində geniş şəkildə yayılmaqdadır. O, təəssüf hissi ilə qeyd edib ki, ölkə daxilində də heç bir səlahiyyəti və təcrübəsi olmayan təşkilatlarında xəritə tərtibatı işləri ilə məşğul olur: “Nəticədə nəzərdə tutulan məqsədlər üçün tam şəkildə yararsız olan və kartoqrafiyanın tələblərinə cavab verməyən xəritələr ortaya çıxır. Ölkəmizdə kartoqrafiya fəaliyyəti ilə yanaşı, bu fəaliyyətin əsasını təşkil edən geodeziya və topoqrafiya işləri də məhz bilavasitə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən fəaliyyət istiqamətidir”.
Q.Məmmədov qeyd edib ki, 2003-cü ildən etibarən Komitə tərəfindən tərtib olunan xəritələr yalnız elektron formatda hazırlanır: “Elektron xəritənin ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, xəritə üzərində istənilən nöqtənin koordinatları məlumdur. Bu tip xəritənin eyni məkan hissəsinin müxtəlif miqyaslı xəritələr toplusu və onların interaktiv olaraq dəyişməyə imkan verən proqram təminatı olmalıdır. İnteraktiv elektron xəritə isə verilənlər bazasındakı məlumatlardan real vaxt rejimində istifadə olunmasına imkan verən xəritədir. Elektron hökumətin xidmətlərində interaktiv xəritənin məhz bu funksional imkanları müstəsna əhəmiyyət kəsb edir”.
Komitə sədri bildirib ki, rəhbərlik etdiyi qurum uzun illərdən bəri geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində üstün təcrübəyə malik olmaqla, bu sahəvi işləri müasir texnologiyanın imkanlarından istifadə etməklə, özünün sahəvi ixtisaslı mütəxəssisləri vasitəsilə həyata keçirir. Ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən elektron xidmətlər sahəsində baza kimi məhz bu Komitə tərəfindən tərtib olunan kartoqrafik əsaslardan istifadə edilməlidir: “Nəzərə alınmalıdır ki, Komitənin bu sahədəki müstəsna xidmətləri eyni zamanda ölkənin müdafiəsi, təhlükəsizliyi, eləcə də iqtisadiyyatın bütün sahələrində də tətbiq olunur. Bununla belə, torpaq islahatının birinci mərhələsinin nəticələrindən növbəti mərhələlərində səmərəli şəkildə istifadə olunmasını təmin etmək və nəticə etibarilə bu işdən bütövlükdə həm dövlətin, həm də Azərbaycan xalqının bəhrələnməsi üçün yalnız rəqəmli kartoqrafik bazaya əsaslanan interaktiv elektron xəritələrdən istifadə olunmalıdır. Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq əhalisinin yarısından çoxu torpaq mülkiyyətçisinə çevrilmiş ölkəmizdə bu islahatın nəticələri olan dövlət torpaq kadastrı məlumatları müasir formatda elektron hökumət çərçivəsində dövlət və geniş əhali kütləsinə xidmət etməlidir. Bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına müvafiq olaraq zəruri tədbirlər görülməkdədir. Bu istiqamətdə görülən işlərin nəticələri olaraq təkcə Abşeron yarımadası üzrə 35 min parselə (torpaq sahəsinə) dair məlumatlar elektron hökumət portalında yerləşdirilib. Yaxın zamanlarda bu rəqəm 500000-ə çatdırılacaqdır. Bu işlər eyni zamanda keçmiş Sovetlər İttifaqı dövründə hazırlanmış xəritələrə istinadən aparılmış torpaq islahatının nəticələrinin müasir elektron formatda hazırlanmış xəritələrin üzərinə köçürülməsinə geniş şəkildə imkan yaradıb”.
Tədbirdə rabitə və nformasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, DTXK-nın informasiya texnologiyaları sektorunun müdiri Cavid Abdullayev, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov, Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov çıxış ediblər.
BƏXTİYAR



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar