12px14px16px18px

Azərbaycanla Niderland arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq müzakirə edilib

01:27 / 03.05.2012
Dünən Kənd Təsərrüfatı naziri İsmət Abasov Niderland Krallığının ölkəmizdəki fövqəladə və fəlahiyyətli səfiri Aryen Piter Uyterlinde ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə əsas məqsəd iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. İ.Abbasov Azərbaycan və Niderland Krallığının kənd təsərrüfatı sahəsində əməkdaşlığını yüksək qiymətləndirərək bildirib ki, iki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də ticarət dövriyyəsi mövcuddur. 2011-ci ildə Niderland Krallığından Azərbaycana 11688700 ABŞ dolları məbləğində kənd təsərrüfatı və kənd təsərrüfatı mənşəli ərzaq məhsulları, o cümlədən əsasən taxıldan, undan, nişastadan və ya süddən hazırlanan hazır məhsullar, tütün və tütün sənayesi əvəzediciləri, diri heyvanlar, canlı ağaclar və digər bitkilər, kəsilmiş çiçəklər və dekorativ bitkilər və digər kənd təsərrüfatı məhsulları idxal olunub. Azərbaycandan Niderland Krallığına 194000 ABŞ dolları məbləğində tərəvəzlərin, meyvələrin, qoz-fındığın və bitkilərin digər hissələrinin emal məhsulları ixrac edilib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq Niderland hökumətinin Mərkəzi və Şərqi Avropaya yardım proqramının (PSO) bir hissəsi kimi 21 dekabr 1999-cu ildə Haaqa şəhərində Azərbaycan və Niderland Krallığı arasında 2000-2001-ci illərdə əməkdaşlıq proqramı çərçivəsində yerinə yetiriləcək layihələrin həyata keçirilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə başlanılıb. O, bu sənəd çərçivəsində Niderland Krallığı tərəfindən PSO proqramı uyğun olaraq Tovuz rayonunda “Azərbaycanda kartof toxumçuluğunun inkişafı və onun bazasının yaradılması”, Abşeron, Göyçay və İsmayıllı rayonlarında “Azərbaycanda süni mayalama xidmətlərinin yaradılması” qrant layihələri həyata keçirildiyini bildirib: “Gəncə Aqrobiznes Assosiasiyası “Cənubi Qafqazda və Moldovada bioloji zəncirin inkişafı” layihəsinin Azərbaycan üzrə icraçısıdır. Assosiasiya tərəfindən “Ekoloji kənd təsərrüfatı” adlı elmi-praktiki jurnal nəşr edilir. Artıq ölkəmizdə 300-dən çox ailə kəndli təsərrüfatında müxtəlif növ ekoloji təmiz aqrar məhsullar istehsal olunur. Eləcə də, Azərbaycan Dövlət Aqrar Universitetinin magistrləri, doktorantları və müəllim heyəti Niderlandın aqrar yönümlü təhsil müəssisələrində təhsil alır və ixtisasartırma kurslarında iştirak edirlər”.
Nazir Niderland Krallığı və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı öz təkliflərini diqqətə çatdırıb.
Səfir Aryen Piter Uyterlinde iki dost ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
BƏXTİYAR



Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar