12px14px16px18px

Bakıda İƏT ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərlərinin iclası keçirilir

01:25 / 03.05.2012
Dünən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclası öz işinə başlayıb. Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Adil Məmmədov Azərbaycanda ilk dəfə keçirilən tədbirin ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayıb, iclasın İƏT-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. O, bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb: “Bütün bunlar isə Azərbaycanın nüfuzunu, xarici investorların ölkə iqtisadiyyatına marağını daha da artırıb. Son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi də məhz ölkəmizdəki davamlı sosial-iqtisadi inkişafın və Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir”.
Azərbaycan və İƏT arasındakı əlaqələr barədə məlumat verən S.Həsənova qurumun üzv ölkələrdə ticarət və investisiya mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
İƏT-in baş katibinin müavini Fatih Ünlü isə ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclasının Azərbaycanda keçirilməsinin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini qeyd edib.
İclasda İƏT-ə üzv ölkələr arasında ticarət əlaqələri, ticarətin təşviqi agentlikləri arasında əməkdaşlıq və birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.
BƏXTİYAR



Bu yazı ( 76 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar