12px14px16px18px

Azərbaycanla Estoniya arasında saziş layihəsi müzakirə ediləcək

11:59 / 02.05.2012
Estoniya Respublikasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. DSMF-dən verilən məlumata görə, mayın 5-nə kimi davam edəcək səfərdə əsas məqsəd Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Estoniyanın müvafiq qurumu arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, iki ölkə arasında sosial müdafiə sahəsindəki əməkdaşlığın daha da dərinləşdirilməsidir.
Nümayəndə heyətini DSMF sədri Səlim Müslümov qəbul edib. S.Müslümov qonaqlara Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən islahatların mühüm istiqamətlərindən biri də xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək üçün tədbirlərin görülməsidir: "Bununla əlaqədar vətəndaşların əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması vacibdir. Bu baxımdan ilk növbədə ayrı-ayrı ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı və sistemlərin qarşılıqlı öyrənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun birbaşa və Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilib".
S.Müslümov qeyd edib ki, hazırda ölkəmiz tərəfindən pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqi uğurla davam etdirilir. O, bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə bir sıra başqa ölkələrlə beynəlxalq müqavilələrin bağlanması istiqamətində tədbirlər həyata keçirildiyini bildirib.
Qeyd edək ki, nümayəndə heyəti ilə DSMF-də görüşlər zamanı Azərbaycanla Estoniya arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş layihəsi əsas müzakirə mövzusu olacaq. Müzakirələrdə iki ölkə vətəndaşlarının əmək fəaliyyəti dövründə həmin dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının qarşılıqlı tanınması və pensiya təyinatında nəzərə alınması prinsipləri nəzərdən keçiriləcək.
Səfər çərçivəsində Estoniyanın nümayəndə heyəti DSMF-də yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla yaxından tanış olacaq.
BƏXTİYAR



Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar