12px14px16px18px

Bakı qəsəbələrində sahibkarlara güzəştli kreditlər verilib

06:02 / 28.04.2012
Dünən İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Binəqədi rayonunun Binəqədi qəsəbəsində keçirib. SKMF-dən verilən məlumata görə, tədbirdən əvvəl Fondun vəsaiti hesabına güzəştli kredit ayrılmış Binəqədi rayonunda “Elo-Eksklüziv” MMC-nin çörək istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Cəfərov Prezident İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Binəqədi rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.
İİN-nin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulayıb, Bakı və ətraf qəsəbələrdə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülən işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 709 investisiya layihəsinin maliyyələşdirilməsinə 66,8 milyon manat, o cümlədən respublikanın regionları üzrə 642 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,9 milyon manat və Bakı qəsəbələri üzrə 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,9 milyon manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına 3100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il və bu il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı kənd və qəsəbələr üzrə 277 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin-faraş tərəvəz məhsulları və dekorativ bitkilər istehsal edən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq (broyler) təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisəsinin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, mebel fabrikinin və metal konstruksiya olan tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 43,8 milyon manat güzəştli kredit verilib. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və mebel fabriki artıq istifadədir”.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak edib.



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar