12px14px16px18px

Ağsuda istehlakçı hüquqları ilə bağlı konfrans keçirilib

05:59 / 28.04.2012
Dünən Ağsu rayonunda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığ ilə “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilib. Xidmətdən verilən məlumata görə, konfransda Səhiyyə və Kənd Təsərrüfatı Nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağsu Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib. Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişafı etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulayıb: “Bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir. İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalıdırlar. Sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidirlər”.
Tədbirdə qeyd edilib ki, Dövlət Xidməti tərəfindən ötən il sahibkarlara və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanılıb. Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 2012-ci ilin yanvar-mart aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 18 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda 1000-ə yaxın yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara verilib.
Dövlət Xidməti tərəfindən 2012-ci ilin yanvar-mart ayları ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 13,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 442,7 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 20,4 min manat maliyyə sanksiyası tətbiq edilib.
Son illərdə istehlakçıların maarifləndirilməsi sahəsində aparılan işlər daha da genişləndirilib, sosial reklam çarxlarının televiziya kanallarında yayımlanması təşkil olunub. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlər üzrə materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar da paylanıb.





Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar