12px14px16px18px

Aztəminatlı ailələrlə “Sosial müqavilə”lər imzalanıb

05:59 / 28.04.2012
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə Bakının Nizami rayonunda “Özünədəstək” – Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə “Sosial müqavilə”lərin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunan ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına müsbət təsir göstərdiyini deyib. O, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb. Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edib. Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə “Özünədəstək” layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edib.
Tədbirdə həmçinin ölkə prezidentinin dövlət orqanlarının elektron xidmətələr göstərmələri ilə bağlı fərmanın icrası ilə əlaqədar nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, ünvanlı yardımların təyinatı prosesində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin Nizami rayonunda icrası vəziyyəti də müzakirə edilib.
Qeyd edək ki, “Özünədəstək” – Birdəfəlik ünvanlı sosial yardım layihəsi üçün Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları pilot rayonlar kimi seçilib. Layihənin ilk sınaq işlərinə 2011-ci ilin mart ayında Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində başlanılıb. Əldə olunan müsbət təcrübə əsas götürülməklə cari ilin ilk rübündə Bakının Nizami rayonunda bu sahədə işlər davam etdirilib.



Bu yazı ( 152 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar