12px14px16px18px

“Iteca Caspian” yeni mövsümdə 23 beynəlxalq sərgi keçirəcək

14:01 / 08.03.2012
Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək. Şirkətin yaydığı məlumata görə, bu mövsümdə ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfransın keçirilməsi planlaşdırılıb. Təşkil olunan bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən rəsmi şəkildə dəstəklənir və artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin hər il bir sıra sərgilərə şəxsən baş çəkməsi keçirilən sərgilərin əhəmiyyətini və onlara ölkə rəhbərliyi tərəfindən göstərilən diqqəti bir daha təsdiqləyir. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzv olmağımız isə bu tədbirlərin beynəlxalq statusunu daha da möhkəmləndirir. 2012-ci ildə keçiriləcək beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində ölkənin aparıcı şirkət və strukturları çıxış edirlər. Bütün sərgilər “Bakı Ekspo” mərkəzində keçiriləcək.
Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi-aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (AITF”) sərgisi açacaq. Bu sərgidə 200-dən yuxarı şirkətin iştirakı gözlənilir və burada şirkətlər 60-dan çox turizm istiqamətini təqdim edəcəklər. İlk dəfə olaraq, Bolqarıstanın milli stendi sərgidə qonaq-ölkə statusunda iştirak edəcək. Sərgidə həmçinin Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcəklər. Tədbir çərçivəsində Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq. “AITF” sərgisi ilə bir meydançada yerləşəcək 6-cı Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (Horex-2012”) sərgisində Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransanın otel sənayesinin məşhur brendləri və digər şirkətlər təqdim olunacaq.
May ayının 15-dən 17-dək Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi – “WorldFood Azerbaijan” artıq 18-ci dəfə yerli və xarici istehsalçı, distributorların liderlərini öz meydançasında toplayacaq. Bu il Azərbaycan, Belçika, Çexiya, Hindistan, Norveç, Rusiya, Türkiyə, Qazaxıstan və Misirdən olan şirkət və təşkilatlar öz məhsullarını nümayiş etdirəcək. Bu sərgi ilə eyni zamanda 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Agrihort Azerbaijan 2012” sərgisi və 2-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk – “Plastex Caspian” sərgisi keçiriləcək. Bundan əlavə, həmin tarixlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian” sərgisinin də debütü baş tutacaq.
Bu ilin “İdman İli” olması ilə əlaqədar olaraq, 1-ci Azərbaycan Beynəlxalq İdman, İdman Ləvazimatı və Geyimi “SportExpo” 2012” sərgisi mövsümün ikinci ongünlüyünün debütü olacaq.
Beləliklə, Azərbaycanda keçirilən beynəlxalq ixtisaslaşdırılmış sərgilər müvafiq sahə mütəxəssislərinin işgüzar həyatında ilin vacib hadisəsinə çevriləcək. 2012-ci ilin sərgi mövsümü bir sıra yeniliklərlə fərqlənəcək. Belə ki, bu il ilk dəfə olaraq eksponentlərin və ziyarətçilərin rahatlığı üçün “QR kod” sistemi tətbiq olunacaq (QR – ingilis dilində “quick response” sözündən götürülüb ki, bu da “operativ cavab” deməkdir). “Iteca Caspian” sərgilərinin bütün çap və reklam məhsullarında yerləşdiriləcək “QR kod” (xüsusi qrafik şəkil) sayəsində mobil qurğulardan istifadə etməklə sərgilər haqqında məlumatlara sürətli keçid almaq mümkün olacaq.
BƏXTİYAR




Bu yazı ( 140 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar