12px14px16px18px

Azərbaycanda vergi borcu olanlara kredit verilməyə bilər

08:24 / 07.03.2012
Yaxın gələcəkdə Azərbaycanda vergi borclarının idarə olunması üçün yeni mexanizmin tətbiqi planlaşdırılır. Bu yenilik nəticəsində ölkə vətəndaşlarının vergi borcları və bank kreditləri sistemi bir-biri ilə əlaqələndiriləcək.
Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili İdarəsinin rəisi İlkin Vəliyev “APA”ya açıqlamasında bildirib ki, gələcəkdə borclu vergi ödəyicilərinin reyestrinin hazırda Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri ilə inteqrasiya edilməsi nəzərdə tutulur. Bu sistemlərin inteqrasiyası nəticəsində vergi orqanları borclu vergi ödəyicilərinin kredit tarixçəsini görə biləcək. İ.Vəliyev bu yeniliyin vergi borclarının idarə edilməsi baxımından çox mühüm olduğunu bildirib: “Biz üçüncü şəxslərdən nə qədər məlumat alsaq, bir o qədər də vergi ödəyicilərinin ödəmə qabiliyyəti ilə bağlı qərar verə bilərik. Yəni bilinəcək ki, bu ödəyici üzrə borc yaranması riski var ya yox”.
Başqa sözlə, vergi orqanları ödəyicinin kredit ödəmə qabiliyyətini bilərək onun vergiləri ödəməsi ilə bağlı riskləri obyektiv qiymətləndirə biləcək. Bununla yanaşı, sistemlərin inteqrasiyası sayəsində eyni zamanda banklar da müştərinin vergi borcları ilə bağlı vəziyyətini biləcək və onun kredit ödəmə qabiliyyətini, bu baxımdan nə qədər riskli müştəri olub-olmadığını qiymətləndirə biləcək. Yəni, sistemlərin inteqresiyası nəticəsində şəxsin bank ödəmələri əsasında onun vergi ödəyicisi kimi, vergi ödəmələri baxımından isə bank müştərisi kimi nə qədər riskli olub-olmadığı dəqiqləşəcək. Nəticədə, banklar müştəriyə kredit ayırıb-ayırmamaq barədə qərar qəbul edərkən bu məlumatdan istifadə edə biləcəklər.
Son bir ildə Azərbaycanda vergi borclarının həcminin 20 faizə yaxın azaldığını diqqətə çatdıran İ.Vəliyev bildirib ki, yəni 2010-2011-ci illərdə isə vergi borclarının məbləği 43,5 faiz azalıb.
İdarə rəisi qeyd edib ki, nazirlik vergi borclarının səmərəli idarə olunması və borcların ödənilməsi üçün müxtəlif yeniliklər tətbiq edib. Belə ki, hazırda istənilən vergi ödəyicisi öz vergi borcunu elektron üsulla öyrənə bilər: “Azərbaycanlı vergi ödəyiciləri Vergilər Nazirliyinin internet səhifəsi vasitəsilə öz elektron qutusuna daxil olmaqla öz şəxsi vərəqəsinə baxıb, vergi borcunun məbləğini, onun nədən yarandığını və hansı hissəsinin faiz və ya əsas borc olduğunu görə bilərlər”.
İ.Vəliyevin sözlərinə görə, ötən ilin avqustundan etibarən isə vergi borclarının ödənilməsi məqsədilə borcların məbləğinin vergi ödəyiciləri ilə birgə araşdırılmasına başlanıb: “Yəni, vergi ödəyicisi dəvət olunur və onun borcu vergi əməkdaşı ilə birlikdə araşdırılır. Çünki adətən vergi ödəyicisi borcunun məbləğini etiraf edirsə onu ödəyir”. Görüş zamanı vergi ödəyicilərinə borcun ödənilməsinin vacibliyi izah edilir, borcu ödəməyəcəyi təqdirdə onun məcburi alınması üçün vergi orqanları tərəfindən görüləcək tədbirlər barədə məlumat verilir və ona borclarını könüllü ödəmək təklif olunur”.
Bu praktikanın tətbiq edildiyi vaxtdan indiyədək 25 min vergi ödəyicisi dəvət olunaraq onlara müvafiq izahatlar verilib və onların 80 faizi borcunu qəbul edərək, heç bir məcburi tədbir olmadan ödəmə edib. Ümumilikdə isə 2011-ci ildə bütün məcburi tədbirlər nəticəsində dövlət büdcəsinə 200 mln. manat vergi borcu ödənilib.





Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar