12px14px16px18px

“Gürcüstanın enerji sektorunda ən ciddi investor ARDNŞ-dir”

08:21 / 07.03.2012
Gürcüstanın Azərbaycanla əlaqələrində energetika başlıca rol oynayır. Bunu Gürcüstanın energetika və təbii resurslar nazirinin müavini Mariyam Valişvili APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında energetika sahəsi tərəfdaş ölkə olaraq durmadan inkişaf edir: “Bu gün biz təbii qazı Azərbaycan Dövlət Neft Şirkəti və “Şahdəniz” konsorsiumu vasitəsilə əldə edirik. Bu təbii qaz Gürcüstanın 80%-ni təmin edir. Əlaqələrimizin inkişafı yalnız energetika yox, digər sahələrdə də görünür. Biz iki ölkə olaraq daha böyük layihələr barədə ikitərəfli və məqsədyönlü işlər həyata keçiririk. Gürcüstan prezidenti və hökumət nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri sübut edir ki, ölkələrimiz gələcək inkişaf və əlaqələrimizin daha da genişləndirilməsi barədə ciddi düşünür, bütün sahələrdə planlaşdırmanın əsasını qoyurlar. Bu, bizi sevindirir”.
Nazir müavini Azərbaycanın Gürcüstanın energetika sahəsinə investisiya qoyduğunu və bu investisiyanın ildən-ilə artdığını bildirib: “Gürcüstanın energetika sektorunda ən ciddi investorlardan biri ARDNŞ-dir. Bu şirkət regionda qazlaşdırmanı həyata keçirir, əhalimizi qazla təmin edir və investisiyanı da genişləndirir”.
M.Valişvili Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü çərçivəsində Azərbaycandan Gürcüstana enerji ötürülməsi üçün bu il Gürcüstanda “Azərenerji” və “Energo Pro Georgia” şirkətlərinin 500 kilovoltluq yeni xəttin tikintisini başa çatdıracaqlarını qeyd edib: “Bu il Gürcüstan tərəfi öhdəsinə düşən elektrik xətlərini istifadəyə verəcək. Ümumiyyətlə, yeni elektrik xətti 2013-cü ildə istismara veriləcək. Bu yeni xətt enerji sahəsində qəza vəziyyətlərinin aradan qaldırılmasında bizə yardımçı olacaq, enerjinin idxal və ixracını genişləndirərək bizə imkan verəcək ki, yeni layihələr həyata keçirmək təşəbbüsləri ilə çıxış edək”.





Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar