12px14px16px18px

Azərbaycanda iri vergi ödəyicilərinə nəzarət artırılır

01:49 / 03.03.2012  
Azərbaycanda iri dövlət vergi ödəyicilərinin gəlir və xərclərinə nəzarət gücləndirilir. “APA”nın məlumatına görə, Nazirlər Kabineti “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” 2005-ci il 9 iyun tarixli qərarına dəyişikliklər edib. Dəyişikliklərə əsasən, iri dövlət vergi ödəyicilərinin siyahısına Azərbaycan Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər, “Azərbaycan Hava Yolları” QSC və Xəzər Dəniz Gəmiçiliyi ilə yanaşı, “Bakıelektrikşəbəkə” ASC də daxil edilib. Qərara əsasən, iri dövlət vergi ödəyiciləri növbəti ilin gəlir və xərclər smetalarını və müvafiq investisiya proqramlarını razılaşdırmaq üçün hər il dekabrın 1-dək aidiyyəti sahə nazirliyinə, habelə Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim etməli və bu qurumlarla razılaşdırmaqla hər il fevralın 25-dək təsdiq etməlidir. Smetalar müəyyən olunmuş müddətdə təsdiq edilməyəcəyi təqdirdə, həmin vaxtdan (fevralın 25-dən) təsdiq olunan dövrə qədər iri dövlət vergi ödəyiciləri əməkhaqqı və ona bərabər tutulan ödənişlər, əməkhaqqı fondundan Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, bank kreditləri, vergi və digər icbari ödənişlər istisna olmaqla, digər xərclər üzrə əvvəlki ilin müvafiq dövrü ərzində faktiki istifadə olunmuş xərclərin 50 faizindən çox ödənişlərə yol verməməlidir. Bundan başqa, iri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 45 günədək Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə təqdim etməlidir. Təsdiq olunmuş smetaların icrası barədə rüblük hesabatlarda iri dövlət vergi ödəyicisinin daxilolmaları həmin dövr üçün təsdiq edilmiş proqnoz göstəricilərindən 20 faiz (və ya ondan yuxarı) az və ya çox olduqda, bu barədə hesabatla birlikdə Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, aidiyyəti üzrə Sənaye və Energetika Nazirliyinə və Nəqliyyat Nazirliyinə əsaslandırılmış məlumatlar təqdim edilməlidir.


Bu yazı ( 194 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar