12px14px16px18px

Zəlzələnin səbəbi açıqlandı

11:01 / 07.05.2012
Bu gün Azərbaycanda baş verən 7 bal gücündə zəlzələdən sonra bir neçə avterşok qeydə alınıb. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli söyləyib.
O bildirib ki, 7 bal gücündə zəlzələdən sonra kiçik gücə malik belə yeraltı təkanların baş verməsi təbiidir. Qurban Yetirmişli hazırda bu məlumatların araşdırıldığını deyib və həmin yeraltı təkanların gücünü açıqlamayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev isə Lent.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində 7 bal gücündə hiss edilmiş zəlzələ aktiv dağ əmələgəlmə prosesi səbəbindən baş verib. Onun sözlərinə görə, ərazi aktiv seysmoloji zonaya daxildir və bu cür titrəyişlərin hiss edilməsi normaldır. Azay Rzayev zəlzələnin Yerin təbii peyki olan Ayın planetə bir neçə kilometr məsafə yaxınlaşması ilə əlaqədar olub-olmadığının elmi araşdırmaların sonunda müəyyənləşəcəyini də bildirib.
Qeyd edək ki, bu gün saat 09:40-da Zaqatala rayonundan 17 km cənubi-qərbdə zəlzələ qeydə alınıb. Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var. İnsan tələfatı yoxdur.


Bu yazı ( 221 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar