12px14px16px18px

“Eurovision 2012” ilə bağlı sərt menyu tələbi Müsabiqəyə hazırlıq işləri ilə bağlı iclas keçirilib

11:25 / 18.04.2012 Aprelin 17-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin binasında Nazirlər Kabineti, bir sıra nazirlik və təşkilatların məsul işçilərinin iştirakı ilə “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar iclas olub. Lent.az-ın əldə etdiyi məlumata görə, iclasda iki əsas məsələ müzakirə edilib. Birinci məsələ, müsabiqə günlərində ölkədə xarici qonaqlara xidmət göstərəcək otel, restoran və digər xidmət obyektlərində təklif olunan menyu ilə bağlı olub. Bildirilib ki, bütün restoran, otel və digər analoji yerlərdə təklif olunan menyular 3 dildə olmalıdır - Azərbaycan, rus, və ingilis dilində. Bundan başqa, menyularda yeməkdə istifadə olunmuş bütün qida vasitələrinin, ərzaqların adları, çəkisi və kalori göstəricisi mütləq əksini tapmalıdır. Menyuların dizaynı, tərcüməsi və digər texniki işlərə isə vahid mərkəzdən nəzarət ediləcək. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

Digər məsələ isə paytaxtda post-terminalların quraşdırılması ilə bağlı olub. Bildirilib ki, yarışma vaxtı Bakıya ümumilikdə 60-70 min qonağın gəlməsi gözlənilir və onların əksəriyyəti kart vasitəsi ilə ödəniş etməyə üstünlük verir. Odur ki, mərkəzi ərazilərdə, xüsusi ilə də Dənizkənarı Bulvar İdarəsi, İçərişəhər və ətrafda sürətli pul köçürmələrini təmin etmək vacibdir. Məsələ ilə bağlı Rabitə və İnformasiya texnologiyaları Nazirliyinə tapşırıqlar verilib və nazirlik əməkdaşları üzərlərinə düşən işi layiqincə yerinə yetirəcəklərini deyiblər.


Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar