12px14px16px18px

Rafael Hüseynov: “İrandakı anti-Azərbaycan təbliğatı erməniçiliyin fəsadıdır”

01:48 / 26.05.2012
“Siyasət yalnız üzdə göründüyü kimi deyil, elə məhz buna görə də siyasət siyasətdir. Onun daxilində, alt qatlarında həmişə cərəyan edən burulğanları da var və nəticələri də üstdə olan təzahürlərdən daha əvvəl dərinlərdə gizlənən başlıca səbəblərə əsasən çıxarmaq gərəkdir. O baxımdan da belə düşünmək istəyirəm ki, İrandakı anti-Azərbaycan təbliğatını həmin ölkənin Azərbaycana qarşı rəsmi siyasəti kimi qiymətləndirməyə tələsmək lazım deyil”. Bunu mətbuata açıqlamasında millət vəkili, professor Rafael Hüseynov son dövrlər, xüsusilə, “Eurovision-2012” mahnı yarışması ərəfəsində gərginləşən İran-Azərbaycan münasibətlərinə, adıçəkilən ölkədəki anti-Azərbaycan dairələrinin addılmarına münasibətini bildirərkən dilə gətirib. Onun dediyinə görə, bəzən görürsən ki, Fransadan, İngiltərədən, Almaniyadan və ya ABŞ-dan, dünyanın müxtəlif ölkələrindən Ermənistana hansısa yardımlar edilir və bu zaman əsaslı olaraq, hiddərlənirik ki, nəyə görə Avropa ölkələri, Amerika təcavüzkar olduqları bilinən Ermənistana, Dağlıq Qarabağ ermənilərinə yardım edir. Millət vəkili qeyd edib ki, amma araşdıranda o da məlum olur ki, bu yardımları edən əslində Almaniyada və digər Avropa ölkələrində yaşayan ermənilər, erməni əsilli milyarderlər, erməni lobbisidir. R. Hüseynovun fikrincə, İrandakı hadisələrin təməlində dayanan da məhz İranın içərisindəki həmin erməni qüvvələri, erməniçi ünsürlər, erməni lobbisi tərəfindən idarə olunan dairələrdir. “Ola bilsin İran hakimiyyəti içərisində də onların təsirinə düşənlər var və onları da məlum şəbəkəyə nə şəkildəsə cəlb etmək, təsir altına almaq mümkün olub. Kəşfiyyatda “təsir agenti” deyilən bir anlayış var. Hərdən adam heç özünün xəbəri olmadan “təsir agenti”nə çevrilir, onun özünün ağlına belə gəlmir. Ancaq mahiyyəti etibarı ilə bu siyasət İran dövlətinin özünün əleyhinədir və çirkin məqsədlər üçün istifadə edilir. İrana əslində Azərbaycanla dostluq, təmiz münasibətlər qurmaq, çox səmərəli əməkdaşlıq əlaqələri yaratmaq sərf edir. Bunu İranın dövlət və millət maraqları tələb edir. İranın içərisindəki ağıllı insanlar, o dövlətin idarəçiliyindəki dərrakəli beyinlər də bunu bilməmiş deyillər və bilməlidirlər. Ona görə də erməni lobbisinin, İran içərisindəki xeyli miqdarda olan ermənilərin və digər onlara bənzər qüvvələrin təhrikləri ilə baş verən, həm də Ermənistanın hərəkətləri ilə sinxron səslənən bu addımlar zənnimcə, İranın özündən daha əvvəl, erməniçiliyin törətdiyi fəsad kimi qiymətləndirilməlidir. Bu baxımdan, İran özü də Azərbaycana münasibət məsələsinə məhz həmin prizmadan nəzər salmalı, öz ali dövlət maraqlarını nəzərə almalı və Azərbaycana yanaşmalarda daha obyektiv, daha ədalətli , daha dəstəkverici mövqe tutmalıdır. Bizə qardaşlar lazımdır, dırnaqarası böyük qardaşlara isə ehtiyacımız yoxdur. Görmüşük!”. R.Hüseynov eyni zamanda bildirib ki, Azərbaycan İranın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşır, oradakı rəsmi statusuna görə milli azlıq hesab edilən, real sayına görə milli çoxluq olan soydaşlarını da düşünərək bu ölkənin rahat, münaqişələrsiz yaşamasını istəyir. “ Azərbaycan dövlətdir, onun öz dövlət siyasəti, öz xətti var və bu mərtəbəyə gəlib çatmaq üçün Azərbaycan çətin tarix sınaqlarından keçib. Azərbaycan bu dəyərlərini heç kəsə güzəştə getməz və heç bir məkrli qüvvə də Azərbaycanı düz yolundan yayındırmaq iqtidarında deyil. Arzulayıram ki, ən əvvəl məhz İran dövləti və xalqının yüksək maraqları naminə İranda Azərbaycana yönəlik siyasətdə daha sağlam mövqelərin bərqərar olması üçün addımlar atılsın. Artıq dünyada nüfuz sahibi olan Azərbaycan kimi yüksələn, güclü dövləti cılız cırnatma siyasətləri ilə müvazinətindən çıxarmaq təşəbbüsləri xam xəyaldır. Söhbət İrandan gedərkən bu ölkə Azərbaycana dost kimi nə qədər mehriban, səmimi münasibət bəsləyərsə, bir o qədər də çox qazanar”- deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
Kamil HƏmzƏoğlu




Bu yazı ( 223 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar